Vüsalə Mahirqızı: "Piar mütəxəssisləri həm də problemlərin obyektiv işıqlandırılmasına kömək etməlidirlər"

Vüsalə Mahirqızı: "Piar mütəxəssisləri həm də problemlərin obyektiv işıqlandırılmasına kömək etməlidirlər"
# 19 may 2015 10:42 (UTC +04:00)

Bunu "Bakı-2015" I Avropa Oyunlarının təbliğinə həsr olunmuş “Media və təhsil dialoqu: peşəkarlığın inkişafı” mövzusunda keçirilən təlim-konfransındakı çıxışında "APA Holdinq"in rəhbəri Vüsalə Mahirqızı deyib.

V. Mahirqızı qeyd edib ki, bu cür tədbirlər nəzəri bilikləri möhkəmləndirməklə yanaşı, ortaya çıxan problemlərin müzakirə edilib, çıxış yollarının tapılması baxımından da əhəmiyyətlidir.

Şirkət rəhbəri təhsil ocaqların piar mütəxəssislərinin əsas işinin ölkənin təhsil sisteminə çox ciddi etimad yaradılması olduğunu qeyd edib: "Təhsil müəssisələrinin piar işi ilə məşğul olanlar media, vətəndaş cəmiyyəti institutları ilə bir yerdə ölkədə təhsilə etimadın artması yönündə daimi və fəal iş aparmalıdırlar. Bu, qətiyyən hazırda Azərbaycan təhsil sisteminə inamın olmaması kimi başa düşülməməlidir. Bir neçə yüz il yaşı olan təhsil müəssisləri də öz sistemlərinə etimad yaratmaq, məhz onları seçməyin səbəblərini əsaslandırmaq üçün iş aparır. Bizim də təhsil sahəsindəki hər bir piar mütəxəssisimizin başlıca işi bu olmalıdır. Digər addımlar da məhz bu etimadlın möhkəmlənməsinə xidmət etməlidir. Belə olacağı təqdirdə biz həm ölkə daxilindən, həm də xaricdən Azərbaycan ali məktəblərinə daha çox tələbə cəlb edə biləcəyik ".

V. Mahirqızı qeyd edib ki, ali məktəblərin ictimaiyyətlə əlaqələr departamentləri təkcə bu müəssisələrin müsbət addımlarının piarına deyil, həmçinin problemlərin obyektiv işıqlandırılmasına da dəstək olmalıdırlar: "Ədalət naminə deyim ki, ali məktəblərin mətbuat xidmətlərinin rəhbərləri bu barədə müsbət davranış nümayiş etdirirlər. Onların əksəriyyəti yaranmış problemə dərhal reaksiya verir, rəsmi şəxsləri tapıb media ilə əlaqə yaradır və problemin obyektiv işıqlandırılmasına kömək edirlər".

"APA Holdinq"in rəhbəri deyib ki, piarda istifadə olunacaq uğurlu vasitələrdən biri də ali məktəblərdə uzun illər fəaliyyət göstərən uğurlu kadrların, ömrünü təhsilə həsr etmiş şəxslərin mütəmadi olaraq mediaya təqdim olunması, onlarla media arasında əlaqənin yaradılması ola bilər: "Məncə, ali məktəblərin mətbuat xidmətləri rektorun və ya rəhbərliyin işini işıqlandırmaqla yanaşı, ali məktəbin uğurlarını, tələbələrin nailiyyətlərini, elmi işçilərin ixtiralarını da mütəmadi işıqlandırmalıdırlar".

V. Mahirqızı universitetləri sosial mediada da fəal işləməyə çağırıb: "Universitetlərin rəsmi səhifələri ilə yanaşı, hər bir ali məktəbin fan-səhifələrini də yaratmaq olar. Həmin səhifələrdə müxtəlif viktorinalar, müsabiqələr keçirməklə, universitet tələbələrini toplamaq, hətta digər universitetlərin tələbələri ilə əməkdaşlıq etmək, beləliklə də, uğurlu piar qurmaq mümkündür".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR