Prezident Administrasiyasının əməkdaşı: “Qərbin Türkiyənin işğalçı ölkə ilə sərhədləri açmasını istəməsi qəribə görünür”

Prezident Administrasiyasının əməkdaşı: “Qərbin Türkiyənin işğalçı ölkə ilə sərhədləri açmasını istəməsi qəribə görünür”
# 28 avqust 2014 09:10 (UTC +04:00)

APA-nın məlumatına görə, bunu bu gün “Təqsirkarlardan təzminatların tələb edilməsi özü də bir iqtisadi sanksiyadır” mövzusunda dəyirmi masada Prezident Administrasiyasının Xarici əlaqələr şöbəsinin əməkdaşı Turab Qurbanov söyləyib.


O, Azərbaycan və Ermənistanın razılığa gəlməsi yönündə çağırışlara da toxunub: “Deyirlər ki, tərəflər razılığa gəlsinlər. Təcavüzkarlarla təcavüzə məruz qalan niyə eyni səviyyəyə qoyulur? Münaqişənin kompromislə həlli barədə təkliflər səslənilir. İndiyə qədər Azərbaycanın səbr nümayiş etdirməsi kompromis deyilmi? Referendum təklifləri var. Avropanın özündə kompakt yaşayan etnik azlıqlar var. Onlar üçün də referendum təşkil ediləcəkmi? BMT-nin sabiq baş katibi Kofi Annan deyirdi, hər etnik qrup üçün referendum təşkil edilsə, dünyada mikroskopik dövlətlər yaranar. Əslində Ermənistanın özündə xalqın taleyini müəyyən etmək üçün referendum keçirilməsinə ehtiyac var. Prezidentə namizədlərin güllələndiyi Ermənistan nə dərəcədə Avropa ailəsinə yaraşır?”

O bildirib ki, Qərbin Ermənistanın özünün belə tanımadığı Türkiyənin işğalçı ölkə ilə sərhədlərini açılmasını istəməsi qəribə görünür: “Yaxud Serj Sərkisyanın gənclərə müraciətində “Qarabağı biz aldıq, Ağrını da siz alın” deməsinə niyə reaksiya verilmədi?”

Azərbaycana yönəlik ittihamlara toxunan T. Qurbanov 300-400 illik tarixi olan dövlətlərin korrupsiya problemini həll edə bilmədiyini vurğulayıb: “Qərb ölkələrində lobbiçliklə deputatların seçilməsi korrupsiya deyilmi?”

Prezident Administrasiyasının nümayəndəsi beynəlxalq təşkilatların real addım atmamasının anlaşılmaz olduğunu vurğulayıb: “Azərbaycanın mövqeyi qətidir. Münaqişə BMT-nin 4 qətnaməsi, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq qurumların qərarları, Azərbaycanın ərazi bütövlüyü çərçivəsinə həll oluna bilər. Torpaqlar işğaldan azad edilməli, qaçqın və məcburi köçkünlər torpaqlarına qayıtmalıdır. Növbəti mərhələdə Dağlıq Qarabağa ən yüksək muxtariyyət verilə bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR