İspaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib

İspaniya BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib
# 16 oktyabr 2014 20:28 (UTC +04:00)

APA-nın “İTAR-TASS”a istinadən verdiyi xəbərə görə, gizli keçirilən səsvermənin üçüncü raundunun nəticələrinə əsasən, İspaniya BMT üzvü olan 193 ölkənin 132 səsini toplayıb. BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilmək üçün minimum 128 səs toplamaq tələb olunub. Qeyd edək ki, Türkiyənin namizədliyini 60 ölkə dəstəkləyib.

BMT Təhlükəsizlik Şurasının “Qərbi Avropa və digər dövlətlər” qrupunda 2 yer uğrunda mübarizə Türkiyə, Yeni Zelandiya və İspaniya arasında aparılıb. Yeni Zelandiya birinci raunda lazımi səs toplayaraq TŞ üzvü seçilib. Türkiyə və İspaniya isə BMT Nizamnaməsində göstərildiyi kimi, səslərin üçdə ikisini toplaya bilməyib və bu səbəbdən əlavə iki dəfə səsvermə keçirilib.

Bundan əvvəl Anqola, Venesuela, Malayziya və Yeni Zelandiya 2015-2016-cı illər üzrə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib.

Yeni seçilmiş TŞ üzvləri iki il əvvəl seçilmiş Avstraliya, Argentina, Lüksemburq, Cənubi Koreya və Ruandanı əvəzləyəcək. İordaniya, Litva, Nigeriya, Çad və Çili isə 2015-ci ilin sonunadək BMT Təhlükəsizlik Şurasının tərkibində qalacaqlar.

Digər səsvermənin yekunları üzrə BMT TŞ-nin yeni qeyri-daimi üzvləri Qvatemala, Mərakeş, Toqo və Pakistan olub.

BMT TŞ-na 15 dövlət daxildir: beş daimi üzv - ABŞ, Rusiya, Böyük Britaniya, Fransa və Çin və iki ildən bir seçilən 10 qeyri-daimi üzv. "Böyük beşlik"dən fərqli olaraq qeyri-daimi üzvlər veto hüququna malik deyillər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR