“Moody’s” “Bank Technique”in reytinqini təsdiqləyib

“Moody’s” “Bank Technique”in reytinqini təsdiqləyib
# 07 may 2015 14:20 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. “Moody’s Investors Service” beynəlxalq reytinq agentliyi “Bank Techhnique” ASC-nin yerli və xarici valyutada bank depozitləri üzrə uzunmüddətli reytinqini “Caa1”, kredit ödəmə qabiliyyətinin baza səviyyəsini (BSA) “Caa2” səviyyəsində təsdiqləyərək, dəyişilməz olaraq saxlayıb.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, agentlik eyni zamanda, ölkədə baş vermiş devalvasiya proseslərini nəzərə alaraq, bank üzrə reytinqin yaxın gələcəkdə yenidən nəzərdən keçiriləcəyini açıqlayıb.

“Milli valyutanın kəskin ucuzlaşmasının ölkədə fəaliyyət göstərən bütün maliyyə təşkilatlarına mənfi təsir etdiyinə işarə edən mütəxəssislər, bankın kapitallaşmasına ağır yük kimi qiymətləndiriblər. Bununla belə, agentlik bankın yerli və xarici valyutada bank depozitləri üzrə qısamüddətli reytinqini qeyd şərtsiz təsdiq edib”, - deyə bankdan bildirilib.

“Moody”s devalvasiya zamanı bankın maliyyə itkilərini nəzərə alaraq, səhmdarlarının əlavə sərmayə cəlb edilməsini çıxış yolu kimi göstərir.

“Qeyd edək ki, yaranmış itkilər bankın kapitallaşmasına bilavasitə təsir edərək, yalnız səhmdarların sərmayələrinə mənfi təsir göstərir. Elə bu məqsədlə, hələ mart ayında, “Bank Technique”in rəhbərliyi 8 mln. manata qədər uzunmüddətli subordinasiya kreditinin cəlb edilməsi barədə qərar qəbul edib”, - deyə məlumatda vurğulanıb.

Bankda kreditin cəlb edilmə prosesi yekunlaşdıqda, eyni zamanda kapitallaşmanın bərpası istiqamətində atılmış digər addımlar nəticəsində, beynəlxalq reytinqinin eyni səviyyədə qalmasına, hətta yüksəlməsinə inanırlar.

Xatırladaq ki, 1994-cü ildən Azərbaycanın maliyyə xidmətləri bazarında fəaliyyətə başlayan “Bank Technique” Açıq Səhmdar Cəmiyyəti (ASC), 2012-ci ilin sentyabr ayında həyata keçirdiyi uğurlu rebrendinq nəticəsində, innovativ və qabaqcıl bank imicini yarada bilib. Özəl bank sektorunda uğurlu və sürətli inkişaf mexanizmi ilə fərqlənən “Bank Technique” ASC, Azərbaycanda geniş spektrdə bank və maliyyə xidmətləri göstərir.

Hazırda “Bank Technique”in filial və şöbələri Bakı, Gəncə, Sumqayıt, Abşeron, Mingəçevir, Quba, Qəbələ, Beyləqan, Biləsuvar, Zaqatala, Cəlilabad, Ağstafa və Lənkəranda müştərilərin xidmətindədir.

Daha ətraflı məlumat üçün www.banktechnique.az saytına baxa bilərsiniz.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR