Elmar Məmmədyarov Pakistanın maliyyə, gəlirlər, iqtisadiyyat, statistika və özəlləşdirmə üzrə nazirini qəbul edib

Elmar Məmmədyarov Pakistanın maliyyə, gəlirlər, iqtisadiyyat, statistika və özəlləşdirmə üzrə nazirini qəbul edib
# 05 may 2015 09:58 (UTC +04:00)

Bakı – APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının Bakıda keçirilən 48-ci İllik Toplantısında iştirak etmək məqsədilə Azərbaycanda səfərdə olan Pakistan İslam Respublikasının maliyyə, gəlirlər, iqtisadiyyat, statistika və özəlləşdirmə üzrə naziri Məhəmməd İşaq Darı qəbul edib.

E. Məmmədyarov Azərbaycan və Pakistan arasında dostluq münasibətlərinin yüksələn xətt üzrə inkişafından məmnunluğunu bildirib. O, Ermənistan-Azərbaycan münaqişəsinin həllində Azərbaycanın ədalətli mövqeyinə Pakistanın qəti dəstəyinin yüksək qiymətləndirildiyini vurğulayıb.

İkitərəfli əlaqələrin möhkəmləndirilməsində qarşılıqlı rəsmi və işgüzar səfərlərin vacibliyini qeyd edən E. Məmmədyarov bu xüsusda Pakistan prezidenti Məmnun Hüseynin Azərbaycana son səfərinin iki ölkə arasında münasibətlərin dərinləşməsinə töhfə verdiyini qeyd edib.

Nazir Məhəmməd İşaq Dar Pakistan və Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin ikitərəfli və çoxtərəfli əsasda inkişaf etdiyini bildirib. İki ölkə arasındakı siyasi əlaqələrin ruhuna uyğun olaraq, iqtisadi və ticarət əlaqələrinin inkişafı üçün əlverişli imkanların olduğunu diqqətə çatdırıb. O, Bakıda keçirilən Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının 48-ci iclasının əhəmiyyətini vurğulayıb və tədbir əsnasında məhsuldar müzakirələrin keçirildiyini deyib.

E. Məmmədyarov Pakistan Milli Bankının Azərbaycanda ofisinin açılmasının iqtisadi əlaqələrin inkişafına töhfə verəcəyinə ümidvarlığını ifadə edib.

M. İ. Dar Azərbaycanı Birinci Avropa Oyunları kimi mötəbər idman tədbirinə ev sahibliyi etməsi münasibətilə təbrik edib və bu oyunların yüksək səviyyədə keçiriləcəyinə əmin olduğunu söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR