Bakı. Cavid Zeynallı - APA. Hindistanlı rejissor Azərbaycanda film çəkəcək.
APA-nın məlumatına görə, filmin çəkilişləri ilə bağlı Bakıda mətbuat konfransı keçirən “MR-Pictures Pro” şirkətinin rəhbəri Rauf Mehdiyev yaradıcı heyət və layihə haqqında məlumat verib.
Mətbuat konfransında çıxış edən rejissor Priyadarşan bildirib ki, yeni layihə Azərbaycan və Hindistan arasında mədəni əlaqələrin inkişafına təkan verəcək: “Ölkələr arasında mədəni əlaqələr çox vacibdir. İnanıram ki, yeni film bu əlaqələrin inkişafında vasitə olacaq. Bu gün Hindistanda ilə 600 film çəkilir. Biz öz təcrübəmizi müxtəlif ölkələrlə bölüşürük. Bu ilk filmdir ki, mən onu məkan olaraq Hindistandan kənarda çəkirəm. İnanıram ki, film azərbaycanlı tamaşaçıların xoşuna gələcək. Çünki yeni ekran əsərində həm Azərbaycanın, həm də Hindistanın məşhur aktyorları rol alıb”.
Mətbuat konfransında xalq artistləri Rasim Balayev, Amaliya Pənahova, Həmidə Ömərova, əməkdar artist Füzuli Hüseynov iştirak edib. Filmdə rol alan aktyorlar layihə haqqında fikirlərini bildirib, həyata keçirilməsi çoxdan gözlənilən müştərək işin Azərbaycan kino həyatı üçün fayda verəcəyini qeyd ediblər.
Tədbirdə qeyd olunub ki, bu, Azərbaycanla Hindistan arasında gercəkləşəcək ilk kinolayihədir. Triller janrında olacaq tammetrajlı bədii filmdə baş rolu Hindistanın tanınmış kino aktyoru Mohanlal Vişvanatan Nair oynayacaq. Ekran işində həmçinin Aparna Nair və Sabu Siril çəkiləcək.
Çəkilişlər paytaxt Bakıda və Azərbaycanın müxtəlif bölgələrində aparılacaq.
Qeyd edək ki, film çəkmək təşəbbüsünü reallaşdırmaq məqsədilə Hindistanın “Full House” kino şirkəti, Azərbaycanın “MR-Pictures Pro” və “Amal Film Production” arasında razılıq əldə olunub.