“Tekfen İnşaaat”: SOCAR-ın yeni inzibati binası gələn ilin fevralında istifadəyə veriləcək

“Tekfen İnşaaat”: SOCAR-ın yeni inzibati binası gələn ilin fevralında istifadəyə veriləcək
# 17 dekabr 2014 14:33 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Türkiyənin "Tekfen İnşaat" şirkəti Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) yeni inzibati binasının “SOCAR Tower”i 2015-ci ilin fevral ayında istifadəyə verməyi planlaşdırır.

APA-Economics”in məlumatına görə, bu barədə Türkiyənin “Hürriyet” qəzetinə “Tekfen İnşaat”ın baş direktoru Levent Kafkaslıya bildirib.

Onun sözlərinə görə, “Tekfen İnşaat”ın SOCAR-ın sifarişi ilə “SOCAR Tower” və Bakı Olimpiya Stadionunun tikintisi üzrə həyata keçirdiyi işlər başa çatmaq mərhələsindədir: “Hər iki obyekt gələn ilin fevral ayında sifarişçiyə təhvil veriləcək”.

Qeyd edək ki, “SOCAR Tower”in təməlqoyma mərasimi 2010-cu ilin oktyabrında prezident İlham Əliyevin iştirakı ilə keçirilib. Bina Koreyanın “Heerim Architects & Planners Co. Ltd” şirkətinin “külək-alov” konsepsiyası əsasında layihələndirilib və 2 mərtəbə yeraltı olmaqla 42 mərtəbədən ibarətdir. Layihə 235,4 mln. dollar məbləğində dəyərləndirilir. Bina 5 hektar sahəni əhatə edəcək. Burada 5 konfrans zalı, fitnes mərkəzi, eyni vaxtda 1 243 nəfərin istifadə edə biləcəyi bir neçə yeməkxana fəaliyyət göstərəcək. Binanın yeraltı mərtəbəsində 1045, yerüstü mərtəbəsində isə 240 avtomobili qəbul edə biləcək dayanacaqlar olacaq. Binanın hündürlüyü 220 metr, ümumi sahəsi 100 min kvadratmetr təşkil edəcək.

SOCAR ilə “Tekfen” arasında Bakı Olimpiya Stadionunun tikintisinə dair imzalanan müqavilənin dəyəri 640,5 mln. dollar təşkil edib. Hündürlüyü 60 m olan stadion tam qapalı məkan olacaq. Stadion 68 min tamaşaçı yerinə malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR