"Koç Sistem Azərbaycan"ın təqdimat mərasimi keçirilib

"Koç Sistem Azərbaycan"ın təqdimat mərasimi keçirilib
# 13 noyabr 2014 12:38 (UTC +04:00)

Bakı - APA. İnformasiya texnologiyaları üzrə Türkiyənin aparıcı şirkəti olan "KoçSistem" yeni texnologiyalarını Azərbaycan bazarına gətirib.

APA-nın xəbərinə görə, şirkətin “Hilton” otelində keçirilən təqdimat mərasimində çıxış edən Azərbaycan təmsilçisi Mucit Emel Azərbaycanda "Koç Sistem Azərbaycan MMC" qurulduğunu bildirib.

Rabitə və yüksək texnologiyalar nazirinin müavini İltimas Məmmədov bildirib ki, Azərbaycanda informasiya texnologiyaları günü-gündən inkişaf edir: “Azərbaycanda sadəcə nazirliyin adı dəyişmədi, platforması da genişləndirildi. “Koç Sistem”in bizim yanımızda olması ölkəmizin bu sahədə inkişafına xidmət edəcək. Düşünürəm ki, bu şirkətin Bakıda nümayəndəliyinin olması data xidmətlərdən geniş istifadəyə imkan verəcək”.

"Koç Sistem" şirkətinin direktoru Mehmet Nalbantoğlu qeyd edib ki, özlərini Azərbaycanın bir parçası görürlər: “Biz 70 illik keçmişi olan bir şirkətik. Biz Azərbaycanın 2020 hədəfinə çatması üçün çalışacaq bir qurumuq. Hədəfimiz Azərbaycanın 2020-ci il üçün inkişaf konsepsiyasına nail olmasında pay sahibi olmaq, yeni uğurları ilə rəqabət gücünə güc qatmaq və rəqəmsallaşmaya dəstək verməkdir. Texnologiyalar üzrə proyektlərə hər kəs dəstək verməlidir. Çünki bütün dünyanın inkişafı bundan asılıdır”.

Tədbirdə Türkiyənin sabiq naziri İlhan Aküzüm, millət vəkilləri Sabir Rüstəmxanlı, Fəzail İbrahimli, Fazil Mustafa, Azəri-Türk Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı, Azərbaycan Türk İş Adamları Birliyi başqanı Cemal Yanğın, “Bengütürk” televiziyasının direktoru Murat İde, Azərbaycan Türkiyə Evinin sədr müavini Cahandar Bayoğlu, ictimaiyyət və biznes nümayəndələri iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR