Prezident İlham Əliyev: “Cinayət törətmiş insanlar məsuliyyətə cəlb olunmalıdır”

Prezident İlham Əliyev: “Cinayət törətmiş insanlar məsuliyyətə cəlb olunmalıdır”
# 20 may 2015 15:37 (UTC +04:00)

Bakı - APA. “Dünən Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində 15 nəfər insan həlak olub, onlarla insan yaralanıb. Bir daha həlak olanların ailələrinə, qohumlarına, yaxınlarına başsağlığı verirəm. Hazırda xəstəxanalarda 20-yə yaxın insan var, onların müalicəsi təmin edilir. Səhiyyə Nazirliyi hər şey edir ki, onlar tezliklə sağalıb evə qayıtsınlar”.

APA-nın məlumatına görə, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Bakıda baş verən yanğınla əlaqədar yaradılan Dövlət Komissiyasının ilk iclasında çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib ki, hadisə zamanı bütün dövlət qurumları böyük fədakarlıq göstəriblər: “Səhiyyə işçiləri, xilasedicilər, polis əməkdaşları böyük peşəkarlıq və fədakarlıq, qəhrəmanlıq göstəriblər. Onlarla insan binadan təxliyə edildi, xilas edildi. Bu xilasetmə əməliyyatlarında iştirak etmiş bütün insanlara dərin minnətdarlığımı bildirmək istəyirəm. Hadisə ilə bağlı dünən mənim sərəncamımla Dövlət Komissiyası yaradılıb və bu gün komissiyanın birinci iclasını keçiririk. Komissiyanın birinci iclasına mən şəxsən özüm rəhbərlik edirəm”.

Prezident qeyd edib ki, komissiya bütün məsələləri araşdıraraq rəy verməli və ilk növbədə yanğının nəticələri araşdırılmalıdır: “Hüquq-mühafizə orqanlarına göstəriş verilib, onlar bu işlə məşğuldurlar. Dünən cinayət işi açılıb və cinayət törətmiş insanlar məsuliyyətə cəlb olunmalıdırlar. Əsas məsələ odur ki, zərərçəkmiş insanlara diqqət, qayğı göstərilsin. Bu insanlar indi müvəqqəti mənzillərlə təmin olunurlar, müvəqqəti məskunlaşmaları ilə bağlı bütün müvafiq tədbirlərin görülməsi üçün göstəriş verilib. O insanlarla maddi köməklik də göstərilib ki, binanın təmiri dövründə müvəqqəti kirayədə qalsınlar ”.

Dövlət başçısı bəyan edib ki, yanğının səbəbləri ciddi şəkildə araşdırılmalıdır: “Binanın təmiri ilə məşğul olan şirkətin rəhbərləri saxlanılıb və məsələ ciddi araşdırılmalıdır. Bu, birinci hadisə deyil, bundan əvvəl Xətai rayonunda da oxşar hadisə baş vermişdi. Xoşbəxtlikdən orada heç kim həlak olmamışdı. Ancaq o məsələ də ciddi araşdırılmalıdır. Xətai rayonunda yaşayış binasında baş vermiş yanğınla bağlı araşdırmalar aparılır, o binanın təmiri ilə məşğul olan şirkət başqa bir şirkət idi. Bu, onu göstərir ki, hər iki hadisədə binanın təmiri ilə məşğul olan şirkətlər böyük məsuliyyətsizlik göstəriblər. Hüquq-mühafizə orqanları bu məsələni araşdıracaq, hələ ki bir şey demək istəmirəm. Amma ilkin versiya ondan ibarətdir ki, təmirdə istifadə olunan üzlük materialları keyfiyyətsiz materiallar olub və oda davamlı olmayıb. Baxmayaraq ki, Bakıda aparılan təmirlə bağlı dəfələrlə məsələ qaldırırdım ki, ilk növbədə təmir keyfiyyətli aparılmalıdır və təhlükəli maddələrdən istifadə olunmamalıdır. Məni müvafiq dövlət qurumlarının nümayəndələri dəfələrlə inandırırdılar ki, bütün istifadə olunan materiallar keyfiyyətlidir və oda davamlıdır. Ancaq hadisə onu göstərir ki, bu, yalan məlumat idi. Bu məsələ də araşdırılmalıdır. Bu binaların təmirində istifadə olunan materiallar harada istehsal olunub, yaxud, haradan idxal edilib, onlara kim sertifikat verib, hansı ekspertizadan keçib? Əgər ekspertizadan keçibsə, o rəyi kim verib? Əgər ekspertizadan keçməyibsə, deməli, bu binalar qanunsuz şəkildə təmir olunub. Bütün bu məsələlər ciddi şəkildə araşdırılmalıdır. Dünən müvafiq göstəriş verilib və hələ deyə bilmərəm ki, mənə verilən məlumatlar məni qane edir. Çünki görürəm ki, burada bəzi qurumlar bu məsuliyyəti bir-birinin üzərinə atmaq istəyirlər. Ona görə də hüquq-mühafizə orqanları, ilk növbədə prokurorluq məsələni ciddi araşdırmalıdır və konkret nəticə hasil edilməlidir ki, günahkarlar kimlərdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR