Ötən il Azərbaycanda 44 tondan çox yararsız ərzaq malları məhv edilib

Ötən il Azərbaycanda 44 tondan çox yararsız ərzaq malları məhv edilib
# 24 yanvar 2014 14:11 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu gün Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Kürdəmirdə bu ilin ilk «Azərbaycanda istehlakçı hüquqları qorunur» mövzusunda konfrans təşkil edilib. Tədbirdə aidiyyəti dövlət qurumları, ictimai təşkilatların nümayəndələri və 300-dən çox istehlakçı iştirak edib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, xidmətin rəis müavini Araz Əliyev bildirib ki, istehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlərin nəticəsi olaraq ötən il həyata keçirilmiş nəzarət tədbirləri zamanı mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 44,4 ton müxtəlif növ ərzaq mallarının satışdan çıxarılaraq məhv edilib.

İstehlakçıların hüquqlarının qorunmasında inzibati tədbirlərlə yanaşı, istehlakçıların və sahibkarların maarifləndirilməsinin böyük əhəmiyyət kəsb etdiyini diqqətə çatdıran A. Əliyev hər il olduğu kimi, ötən ildə də Dövlət Xidməti tərəfindən müxtəlif konfransların və seminarların keçirildiyini, kütləvi informasiya vasitələrində, o cümlədən televiziyada istehlakçı hüquqları ilə bağlı xüsusi verilişlərin hazırlandığını bildirmiş, ticarət və ictimai-iaşə obyektlərində çalışan xidmət personalının təlimləndirilməsi, istehlakçı hüquqlarına dair müxtəlif mövzularda yaddaş kitabçalarının və digər əyani vəsaitlərin hazırlanaraq əhali arasında paylanılmasının maarifləndirmə işinə müsbət töhfə verdiyini qeyd edib.

Ötən il ərzində istehlakçıların maarifləndirilməsi məqsədilə 16 adda 220 mindən çox buklet, sahibkarların istehlakçıların hüquqlarının qorunması sahəsində vəzifələrinə dair 6 adda 22 mindən çox yaddaş kitabçası hazırlanaraq paylanıb. Bu sahədə tədbirlər hazırda da davam etdirilir. Xidmət rəisinin müavini tədbir iştirakçılarına xidmət qaydalarının tələblərinə əməl olunması və xidmət mədəniyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən maarifləndirici tədbirlər barədə də geniş məlumat verib.

Konfransda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin əməkdaşlarının istehlakçı hüquqlarının qorunmasına dair müxtəlif mövzularda məruzələri dinlənilib. Çıxış edənlər təbliğat-təşviqat və maarifləndirmə işlərinin mühüm əhəmiyyət daşıdığını bir daha vurğulayıb, istehlakçıları isə öz hüquqlarının müdafiəsində fəal olmağa, üzləşdikləri problemlərin aradan qaldırılmasında aidiyyəti qurumlarla əməkdaşlıq etməyə, özlərinin və ailələrinin sağlamlığını qorumaq üçün malların keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət yetirməyə dəvət ediblər.

Tədbirin sonunda tədbir iştirakçılarına istehlakçı hüquqlarına dair maarifləndirici materiallar paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR