Azərbaycanda RSI indeksi azalıb

Azərbaycanda RSI indeksi azalıb
# 19 noyabr 2013 08:21 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pərakəndə satış indeksi (Retail Sales Index – RSI) 2013-cü ilin oktyabr ayı üzrə 106,3% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici sentyabr indeksindən 0,3 faiz bəndi azdır.

RSI indeksi ay ərzində satılmış malların (iaşə müəssisələri daxil olmaqla) ümumi dəyərinin əvvəlki ayın eyni həcminə nisbəti kimi hesablanır. Bu ilin oktyabr ayında ümumi pərakəndə dövriyyəsi 1 763,6 mln. manat, sentyabrda isə 1 659,8 mln. manat olub.

Göründüyü kimi, indeksin azalmasına baxmayaraq, o, 100%-dən yüksəkdir. İndeksin 100%-dən yüksək olması oktyabrda pərakəndə ticarətin həcminin sentyabrla müqayisədə artmasını göstərir. Eyni zamanda, RSI-nin azalması oktyabrda aylıq artım tempinin sentyabrla müqayisədə azalmasını əks etdirir.

Ümumilikdə, bu ilin yanvar-oktyabr ayları ərzində pərakəndə ticarətin həcmi 15,631 mlrd. manata bərabər olub ki, bu da illik müqayisədə 9,7% çoxdur. Bundan əlavə, 2012-ci ilin ərzində pərakəndə ticarətin orta aylıq dövriyyəsi 1,463 mlrd. manata bərabər olduğu halda, 2013-cü ilin 10 ayında bu göstərici 1,563 mln. manat təşkil edib. Beləliklə, həmin göstərici üzrə 6,8%-lik artım müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR