Bəkir Çobanzadənin 120 illik yubileyinə həsr olunan konfrans keçirilib

Bəkir Çobanzadənin 120 illik yubileyinə həsr olunan konfrans keçirilib
# 31 may 2013 12:36 (UTC +04:00)

Bakı. Ramil Məmmədli – APA. Bakı Dövlət Universitetində (BDU) ədəbiyyatşünas-alim, türkoloq Bəkir Çobanzadənin 120 illik yubileyinə həsr olunan konfrans keçirilib. APA-nın məlumatına görə, BDU-nun rektoru Abel Məhərrəmov B. Çobanzadəni ədəbi, elmi fəaliyyəti ilə yanaşı, milli məfkurənin daşıyıcısı və təbliğatçısı kimi də xarakterizə edib: “Bəkir Çobanzadə türk dünyasının elm, ədəbiyyat, mədəniyyət tarixinə düşən şəxsiyyətlərdəndir. 44 illik ömrü ərzində türk dünyasının unudulmaz şəxsiyyətinə çevrilə bilib. İlk dəfə keçirilən türkoloji qurultayın təşkil olunması ona tapşırılıb. Həyatının 12 ili isə Azərbaycanla bağlıdır. O, 27 yaşında elmlər doktoru, 29 yaşında professor elmi adını alıb. Düşüncələrinə görə Stalin repressiyasının qurbanı olub”.

AMEA-nın müxbir üzvü, professor Tofiq Hacıyev deyib ki, B. Çobanzadənin türk dünyasına xidməti böyük şərqşünas Mirzə Kazımbəy səviyyəsində olub: “O, 30-a yaxın türk dillərindən hamısını bilib. 1920-ci illərdə onun fəaliyyəti sayəsində Azərbaycanda yeni əlifba islahatlarına başlandı və Azərbaycan türkoloji mərkəzə çevrildi. Türk dilinin materialları əsasında ümumi dilçiliyi zənginləşdirib. “Türk-tatar dialektologiyası” kitabı isə türkologiyada hadisəyə çevrilib”.

Filologiya elmləri doktoru Ramiz Əsgər B. Çobanzadənin türk dünyası qarşısındakı xidmətlərini görkəmli dilçi alimlər Mahmud Kaşğarı və Mirzə Kazımbəylə müqayisə edib: “O, bizim tarix boyu var olan üç məşhur dilçimizdən biridir. Birincisi min il əvvəl parlayan Mahmud Kaşğari, ikincisi bir neçə dəfə Rusiya Elmlər Akademiyasının Demidov adına mükafatını alan Mirzə Kazımbəy, üçüncüsü isə Bəkir Çobanzadədir”.

Konfransda çıxış edən filoloq-alimlər də B. Çobanzadəni əvəzolunmaz şəxsiyyət kimi dəyərləndiriblər.

Qeyd edək ki, Bəkir Vahab oğlu Çobanzadə 1893-cü ildə Krımın Simferopol qəzasının Qarasubazar şəhərində anadan olub. 1938-ci il oktyabrın 13-də isə sovet hökumətinin əmri ilə güllələnib. Bəkir Çobanzadənin dəfn yeri məlum deyil.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR