Penitensiar xidmətdə qulluğa qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib

Penitensiar xidmətdə qulluğa qəbul olunmuş gənc əməkdaşların andiçmə mərasimi keçirilib
# 20 noyabr 2013 13:12 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Ədliyyə Nazirliyinin Penitensiar xidmətində kiçik rəis heyətinə qulluğa qəbul olunmuş 104 nəfər gənc əməkdaşın andiçmə mərasimi keçirilib.

Penitensiar xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, gənc əməkdaşlar ədliyyə orqanlarında qulluq keçərkən Azərbaycan Respublikasına sadiq olacaqlarına, Azərbaycan Respublikasının Konstitusiyasına əməl edəcəklərinə, dövlət sirrini və xidməti sirri qoruyacaqlarına, hüquq və vəzifələrini qərəzsiz, vicdanla, qanuna tam uyğun həyata keçirəcəklərinə, ədliyyə işçisinin şərəf və ləyaqətini uca tutacaqlarına and içiblər.


İlkin hazırlıq kursunu keçərək, penitensiar müəssisələrə təyin olunmuş əməkdaşların andiçmə mərasimində Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev iştirak edib. O, xidmətə yeni başlayan əməkdaşları ədliyyə naziri Fikrət Məmmədovun adından Ədliyyə işçilərinin peşə bayramı günü münasibətilə təbrik edib, Penitensiar xidmətdə aparılan islahatlar barədə məlumat verib, xidmətin xüsusiyyətlərini nəzərlərinə çatdırıb və gələcək işlərində uğurlar diləyib.


Daha sonra işə yeni qəbul olunmuş gənc əməkdaşlara xidməti vəsiqələr, ilkin hazırlıq kursunu bitirmələri barədə şəhadətnamələr və hədiyyələr təqdim olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR