Bakıda fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı müşavirə keçirilib

Bakıda fövqəladə halların nəticələrinin aradan qaldırılması ilə bağlı müşavirə keçirilib
# 28 mart 2014 15:53 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Səbail Rayon İcra Hakimiyyətində Fövqəladə Hallar Nazirliyinin və Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsində qarşılıqlı fəaliyyətin təşkili” mövzusunda müşavirə keçirilib.

FHN-dən APA-ya verilən məlumata görə, müşavirədə fövqəladə hallar nazirinin müavini tibb xidməti general-leytenantı Faiq Tağızadə, Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, Fövqəladə Hallar Nazirliyinin müxtəlif qurumlarının və regional mərkəzlərinin məsul əməkdaşları, Bakı şəhər rayonlarının icra hakimiyyətlərinin fövqəladə hallar üzrə komissiyalarının sədrləri, enerji, qaz və su təchizatı üzrə Bakı şəhər xidmətlərinin rəisləri, Bakı şəhər Baş Polis İdarəsinin, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və Bakı şəhər Baş Səhiyyə İdarəsinin nümayəndələri iştirak ediblər.

Müşavirənin keçirilməsində əsas məqsəd baş verə biləcək fövqəladə halların nəticələrinin aradan qaldırılması, qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin həyata keçirilməsi zamanı yerli icra hakimiyyətləri ilə FHN-in müvafiq strukturları arasında qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyətinin öyrənilməsi, görülən işlər, problemlər və onların həlli yollarının müzakirəsi olub.

Fövqəladə hallar nazirinin müavini, tibb xidməti general-leytenantı Faiq Tağızadə tədbirin əhəmiyyətindən danışmış, bu cür müşavirələrin FHN və icra hakimiyyətləri arasında qarşılıqlı fəaliyyətin güclənməsinə xidmət etdiyini bildirib.

Səbail Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov isə çıxışında bu cür görüşlərin səmərəsindən və vacibliyindən bəhs edib.

Müşavirədə nazirliyin məsul əməkdaşları “FHN Bakı Regional Mərkəzinin İcra hakimiyyəti orqanları ilə iş təcrübəsi - problemlər, istifadə olunmamış imkanlar, perspektivlər”, “Fövqəladə Hallar Nazirliyi regional mərkəzlərinin yerli icra orqanları ilə qarşılıqlı fəaliyyəti”, “Fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin görülməsində qarşılıqlı fəaliyyətin təşkili” mövzularında çıxışlar ediblər.

Daha sonra Bakı şəhər rayonlarının icra hakimiyyətlərinin fövqəladə hallar üzrə komissiyalarının sədrləri, enerji, qaz və su təchizatı üzrə Bakı şəhər xidmətlərinin rəhbərləri 2013-cü ildə rayon ərazisində fövqəladə halların nəticələrinin aradan qaldırılması zamanı qəza-xilasetmə və digər təxirəsalınmaz işlərin aparılması istiqamətində görülmüş işlər və qarşılıqlı fəaliyyətin təşkilinin mövcud vəziyyəti barədə məlumat verib.

Çıxışlardan sonra qeyd olunan məsələlər ətrafında interaktiv müzakirələr aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR