ADU-da Respublika günü qeyd edilib

ADU-da Respublika günü qeyd edilib
# 27 may 2013 13:29 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Dillər Universitetində (ADU) İngilis dilinin leksikologiyası və ölkəşünalıq kafedrasının müdiri Məsməxanım Qazıyevanın təşkilatçılığı və 102a qrupunun iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 95-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

ADU mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Azərbaycan və ingilis dillərində keçirilən tədbirdə ADU-nun Elmi işlər üzrə prorektoru, professor Dünyamin Yunusov, tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, fakültə dekanları, kafedra müdirləri və tələbə-müəllim heyəti iştirak edib.

Azərbaycanın dövlət himninin səslənməsi ilə başlayan tədbirdə bildirilib ki, Şərqdə ilk demokratik dövlət quruluşunu yaratmış Azərbaycan Xalq Cümhuriyyəti istiqlaliyyətimizi elan edərək xalqımızın müstəqillik əzmini nümayiş etdirib. Azərbaycan Xalq Cümhuriyyəti Avropanın demokratik dəyərləri ilə Şərq mədəniyyətinin xüsusiyyətlərini üzvi şəkildə birləşdirən yeni dövlət və cəmiyyət nümunəsi idi. Qeyd olunub ki, cəmi 23 ay fəaliyyət göstərməsinə baxmayaraq, ilk respublika dövründə həyata keçirilən tədbirlər müstəqil dövlətçiliyimizin əsaslarının yaradılması və gələcək inkişaf yolunun müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradıcıları, həyata keçirilən tədbirlər, islahatlar və dövlət rəmzləri haqqında geniş məlumat verilib.

Tərbiyə işləri üzrə prorektor Ələddin Əliyev, Pedaqoji fakültənin dekanı, professor Əfqan Abdullayev, İngilis dilinin leksikologiyası və ölkəşünalıq kafedrasının müdiri, professor Məsməxanım Qazıyeva çıxışlarında tədbirin yüksək səviyyədə təşkilindən razılıq ifadə ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR