Azərbaycan qonşu ölkələrdə narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı durumu açıqlayıb

Azərbaycan qonşu ölkələrdə narkomaniya və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı durumu açıqlayıb
# 19 aprel 2014 11:47 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycanın qonşusu Rusiyada əhalinin 2,5 milyon nəfəri narkotik vasitələrin istifadəçisidir.

APA-nın xəbərinə görə, bu məlumat Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən hazırlanan “Azərbaycan Respublikasında narkotiklərə nəzarət sahəsində 2013-cü il üçün ölkə məruzəsi”ndə əksini tapıb.

Sənəddə qeyd olunur ki, 2013-cü ilin statistikasına əsasən Rusiyada narkotik istifadəçilərinin 20 faizi məktəblilər, 60 faizi 30 yaşına qədər gənclər, 20 faizi daha yaşlı nəslin nümayəndələridir. 2013-cü ildə Rusiya ərazisində hüquq-mühafizə orqanları tərəfindən 38 tondan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

İranda 1,5 milyon nəfər narkotik istifadəçisi qeydə alınıb. Bunlardan 700 min nəfər narkotik vasitələrdən daim istifadə edəndir. 2013-cü ildə İranda hüquq-mühafizə orqanları tərəfindən 430 tondan artıq narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. Qeyd edək ki, İranda son 5 il ərzində hər il 600 tona yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb ki, bunların da 75 faizini heroin və həşiş təşkil edib.

Digər qonşu dövlət Gürcüstanda 2013-cü il ərzində 200 min narkotik istifadəçisi qeydə alınıb. Onlardan 35 min nəfər narkotik vasitələrdən asılı olan xəstələr, 165 mini profilaktik qeydiyyatda olanlardır.

Türkiyəyə gəlincə, hazırda qardaş ölkədə 4 milyon narkotik istifadəçisi qeydiyyata götürülüb. Onlardan 2,19 faizi daimi narkotik istifadəçisidir. Keçən il Türkiyə hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 38 min 534 nəfər məsuliyyətə cəlb olunub. 2013-cü ildə bu ölkədə 46 ton 918 kq kannabis bitkisi, 6 ton 412 kq heroin, 106 kq həşiş, 589 kq kokain qanunsuz dövriyyədən çıxarılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR