İqtisadiyyat və sənaye nazirinin 4 müavini təyin edilib

İqtisadiyyat və sənaye nazirinin 4 müavini təyin edilib
# 18 mart 2014 09:14 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Prezident İlham Əliyevin sərəncamı ilə Niyazi Səfərov, Sevinc Həsənova, Sahib Məmmədov və Sahil Babayev iqtisadiyyat və sənaye nazirinin müavinləri təyin ediliblər.


APA-nın verdiyi məlumata görə, Niyazi Səfərov və Sevinc Həsənova bundan öncə iqtisadi inkişaf nazirinin müavini olublar.


Sahib Məmmədov 2000-ci ildə Kiyev Dövlət Universitetində «Beynəlxalq hüquq» fakültəsində bakalavr, 2001-ci ildə isə magistr dərəcəsi alıb. 2008-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetini maliyyə və kredit ixtisası üzrə bitirib. Əmək fəaliyyətinə 2001-ci ildə Belçikada Avropa Məsləhətçilər Təşkilatında Avropa Birliyinin TACIS Proqramında köməkçi kimi başlayıb. 2002-ci ildə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan nümayəndəliyində miqrasiya məsələləri üzrə ekspert, 2003-2004-cü illərdə Avropa Komissiyasının Azərbaycandakı İnformasiya və texniki dəstək Ofisində informasiya üzrə məsul şəxs, 2004-2007-ci illərdə İqtisadi İnkişaf Nazirliyində baş məsləhətçi, sektor müdiri, şöbə müdirinin müavini və şöbə müdiri vəzifələrində işləyib. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyi regionların inkişafı və dövlət proqramları şöbəsinin müdiri vəzifəsində işləyib. Azərbaycan prezidentinin 13 mart 2014-cü il tarixli sərəncamı ilə iqtisadiyyat və sənaye nazirinin müavini vəzifəsinə təyin olunub. Ailəlidir, 2 övladı var.


Sahil Babayev 1980-ci ildə anadan olub. 2000-ci ildə Bakı Dövlət Universitetində «Beynəlxalq hüquq və beynəlxalq münasibətlər» sahəsi üzrə bakalavr, 2002-ci ildə isə magistr dərəcəsi alıb. Hüquq üzrə fəlsəfə doktorudur. 1999-2006-cı illərdə Azərbaycan Dövlət Neft Şirkəti Xarici sərmayələr İdarəsinin baş mütəxəssisi və şöbə rəisi vəzifələrində çalışıb. 2006-2009-cu illərdə Milli Məclisinin sədr müavininin köməkçisi vəzifəsində işləyib. 2009-cu ildən İqtisadi İnkişaf Nazirliyi xarici investisiyalar və yardımların əlaqələndirilməsi şöbəsinin müdiri, 2011-ci ildən isə beynəlxalq təşkilatlarla əməkdaşlıq şöbəsinin müdiri vəzifəsində işləyib. Dövlət başçısının 13 mart 2014-cü il tarixli sərəncamı ilə iqtisadiyyat və sənaye nazirinin müavini vəzifəsinə təyin olunub. Ailəlidir.

Qeyd edək ki, İqtisadi İnkişaf Nazirliyinin əsasında yaradılan İqtisadiyyat və Sənaye Nazirliyinin Əsasnaməsinə görə, iqtisadiyyat və sənaye nazirinin 5 müavini olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR