Lənkərana Macarıstandan damazlıq mal-qara gətirilib

Lənkərana Macarıstandan damazlıq mal-qara gətirilib
# 19 fevral 2014 11:33 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Nazirlər Kabinetinin ölkəyə gətirilən damazlıq heyvanların gömrük rüsumundan azad olunmasının daha 3 il uzadılmasına dair qərarı aqrar sahənin inkişafı üçün perspektivlər açıb.

APA-nın cənub bürosunun məlumatına görə, bu qayğıdan bəhrələn Lənkəran rayonunun İstisu qəsəbəsindəki “Yaşıl çay” fermer təsərrüfatı MMC-nin damazlıq düyələrin gətirilməsi barədə Macarıstanın “HUNLAND” şirkəti ilə bağladığı müqaviləyə əsasən 35 baş boğaz düyə və 1 baş toxumluq dana gətirilib.

Təsərrüfatın rəhbəri Araz Yağubov bildirib ki, Azərbaycan prezidenti İlham Əliyevin “Regionların 2009-2013-cü illər sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”nın icrasına həsr olunmuş konfransda çıxışı təsərrüfatda həm çayçılıq, həm də heyvandarlığı daha da genişləndirməyə həvəsləndirib. Bu diqqətdən faydalanan fermer təsərrüfatda damazlıq heyvanların artırılmasına qərar verib. Onun sözlərinə görə, Macarıstandan alınan düyələr və dana safqanlı olmaqla törəmə xəttini özündə əks etdirən pasport və sertifikatlara malik “Hereford” ətlik istiqamətli cavan heyvanlardır: “Damazlıq heyvanların sayını artırmaqla gələcəkdə onları digər təsərrüfatlara satışını təşkil etmək istəyirik. Uzun yol qət etmələrinə baxmayaraq, heyvanlar yaxşı vəziyyətdə təsərrüfatımıza çatdırılıb. Sevindirici haldır ki, düyələrdən biri artıq bala verib. Fermada heyvanların saxlanması üçün lazımi şərait yaradılıb. Rayon Baytarlıq İdarəsi tərəfindən təsərrüfatımıza xüsusi baytar həkimi təhkim olunub”.

A.Yağubov onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan prezidenti İlham Əliyevə, Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova və bu işdə yardımını əsirgəməyən digər əlaqədar təşkilatlara da minnətdarlığını çatdırıb.

Qeyd edək ki, “Hereford” cinsli düyələrin çəkisi 500 kiloqrama yaxın, erkəklərin çəkisi isə 600-800 kq arasında olur. Heyvanlara düzgün qulluq göstərildikdə, onların çəkisi gün ərzində 1,5-2,0 kq artır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR