Vyanada İranla ABŞ arasında nüvə müzakirələri keçirilib

Vyanada İranla ABŞ arasında nüvə müzakirələri keçirilib
# 19 fevral 2014 09:16 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Ötən gün Vyanada İranla ABŞ arasında ikitərəfli müzakirələr keçirilib.

APA-nın İran mətbuatına istinadən verdiyi məlumata görə, İran xarici işlər nazirinin beynəlxalq və hüquqi məsələlər üzrə müavini, baş nüvə müzakirəçisi Seyid Abbas Əraqçı və ABŞ dövlət katibinin müavini Vendi Şermanla bir araya gəlib.

Tərəflər arasında 1 saat 20 dəqiqə çəkmiş görüşdə İranın nüvə məsələsi ilə bağlı yaranmış problemin birdəfəlik həlli üçün yekun razılaşmanın əldə olunması əsas müzakirə mövzusu olub. ABŞ tərəfi görüşü konstruktiv adlandırıb.

Qeyd edək ki, A.Əraqçı bundan əvvəl Böyük Britaniya, Fransa və Almaniya təmsilçiləri ilə də təkbətək görüşüb. Eyni zamanda İran xarici işlər naziri Məhəmməd Cavad Zərif nüvə müzakirələrindən əvvəl Rusiya və Çin nümayəndələri ilə bir araya gəlib.

Xatırladaq ki, fevralın 18-də BMT-nin Vyanadakı mənzil-qərargahında İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri başlayıb və bir saatdan da az davam edib. Daha sonra tərəflər arasında təkbətək görüşlər başlayıb. Danışıqlarda İran nümayəndə heyətinə M.C.Zərif, “altılıq” ölkələrinə isə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton rəhbərlik edir. Müzakirələr 2013-cü il noyabrın 24-də Cenevrədə İranla “altılıq” ölkələri arasında əldə edilmiş nüvə razılaşmasına uyğun olaraq bu il yanvarın 20-də qüvvəyə minmiş Birgə Fəaliyyət Planı çərçivəsində həyata keçirilir. Məqsəd İran nüvə məsələsi ilə bağlı yaranmış problemin birdəfəlik həlli üçün yekun razılaşmanın əldə olunmasıdır. Nüvə danışıqlarından bir gün əvvəl axşam saatlarında M.C.Zərif və K.Eştonun ikitərəfli görüşü keçirilib.

İranla “altılıq” ölkələri arasında nüvə müzakirələri bu gün də davam etdiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR