Yunanıstan və Serbiyanın Azərbaycandakı səfirləri Bakı Ali Neft Məktəbində olublar

Yunanıstan və Serbiyanın Azərbaycandakı səfirləri Bakı Ali Neft Məktəbində olublar
# 13 fevral 2014 09:05 (UTC +04:00)

Bakı - APA-Economics. Bakı Ali Neft Məktəbində (BANM) Yunanıstan və Serbiyanın Azərbaycandakı səfirləri Dimitrios Tsunqas və Zoran Vayoviç ilə görüş keçirilib.

Məktəbdən “APA-Economics”ə verilən məlumata görə, görüş çərçivəsində qonaqlara BANM-nin yaranma tarixi, tədrisin təşkili prosesi və beynəlxalq əməkdaşlığın prioritet istiqamətləri haqqında ətraflı məlumat verən rektor Elmar Qasımov bildirib ki, bu ali təhsil olacağı yeni fəaliyyətə başlamasına baxmayaraq, əldə etdiyi yüksək nailiyyətlərə görə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən tərtib edilən 2012 və 2013-cü illərin ali təhsil müəssisələrinin reytinq cədvəlində I yeri qazanıb və ali məktəblər arasında mütləq lider olub.

E.Qasımov qeyd edib ki, BANM-də tədris sistemi Avropa Kredit Transfer sisteminin tələblərinə uyğun şəkildə təşkil olunub və bu baxımdan Avropanın bu sahədə tanınan, güclü ali təhsil müəssisələri ilə əməkdaşlıq olduqca vacibdir. O vurğulayıb ki, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin tərkib hissəsi olaraq Yunanıstan və Serbiyada fəaliyyət göstərən aparıcı ali təhsil ocaqları ilə BANM arasında əlaqələrin qurulması məqsədəmüvafiqdir.

Yunanıstanın Azərbaycandakı səfiri Dimitrios Tsunqas Azərbaycanla əlaqələrin Yunanıstan üçün prioritet istiqamətlərdən biri olduğunu, xüsusilə təhsil və elm sahələrində qarşılıqlı əməkdaşlığın hər iki ölkə üçün arzuolunan və faydalı ola biləcəyini vurğulayıb.

Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç BANM-yə dəvət edildiyinə görə rəhbərliyə öz minnətdarlığını bildirib. Azərbaycanda aparılan uğurlu, strateji islahatları və Azərbaycan Dövlət Neft Şirkətinin həyata keçirdiyi beynəlxalq layihələri yüksək qiymətləndirdiyini vurğulayan səfir qeyd edib ki, Azərbaycanda neft-qaz sənayesi inkişaf etməkdədir. Bu baxımdan Azərbaycanda müasir standartlara cavab verən belə bir ali təhsil müəssisəsinin yaradılması olduqca zəruridir.

Görüş zamanı gələcəkdə əməkdaşlıq çərçivəsində universitetlərarası tələbə və müəllim mübadiləsi, müxtəlif proqramlar, daxili əməkdaşlıq, qarşılıqlı səfər və fikir mübadiləsi istiqamətində müzakirələr aparılıb.

Görüşün sonunda qonaqlara BANM-nin “Fəxri qonaq” diplomu verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR