Elnur Soltanov: “Qərb ölkələrindən tələbə cəlb edəcək səviyyədə və Qərb standartlarına uyğun universitet yaratmaqdayıq” - MÜSAHİBƏ

Elnur Soltanov: “Qərb ölkələrindən tələbə cəlb edəcək səviyyədə və Qərb standartlarına uyğun universitet yaratmaqdayıq” - <span style="color: red;">MÜSAHİBƏ
# 05 mart 2014 10:05 (UTC +04:00)

“Bizim fəlsəfəmiz keyfiyyət üzərində qurulub”

Bakı. Anaxanım Hidayətova - APA. ADA Universitetinin Xəzər Enerji və Ətraf Mühit Mərkəzinin direktoru Elnur Soltanovun APA-ya müsahibəsi

- ADA bu yaxınlarda universitet statusu aldı. Bununla bağlı ADA-nın fəaliyyətində hansı dəyişikliklər baş verəcək?

- Bilirsiniz ki, ADA 2006-cı ildə Xarici İşlər Nazirliyinin diplomatlarının ixtisasartırması məqsədilə yaradılıb. Lakin əslində biz Diplomatik Akademiya çərçivəsindən çıxaraq fəaliyyət göstərirdik, çünki bizdə artıq iqtisadiyyat, biznes fakültələri, enerji ilə əlaqəli institut açılmışdı. Bu kontekstdə adımızın sərhədini tərk etməyə başlamışdıq. Prezidentin sərəncamı bizim “de-fakto” varlığımızı qanuniləşdirdi. Fəaliyyət sahəmiz diplomatların təlimindən ibarət deyildi, biz bakalavr, magistratura səviyyəsində dərəcə verirdik. Universitet olmaq o deməkdir ki, biz gördüyümüz işləri daha da sürətləndirə biləcəyik. Əvvəl gördüyümüz işlərə daha uyğun bir ad tapmış olduq. Biz həm universitet adı almaq istəyirdik, həm də ADA brendini əldən vermək istəmirdik, çünki bu, artıq tanınan bir brenddir.

- ADA Universiteti hansı xarici universitetlərlə əməkdaşlıq edir?

- Biz dünyanın bir sıra tanınmış universitetləri ilə əməkdaşlıq edirik. ABŞ Miçiqan Universitetini qeyd etmək olar, bu universitetlə çox sıx əməkdaşlığımız var, tələbə-müəllim mübadiləsi aparırıq. Digər tərəfdaş Birləşmiş Krallığın Aberdin Universitetidir. Bu universitetin xüsusiyyəti odur ki, dünyada ilk beynəlxalq münasibətlər xidməti departamenti məhz 1919-cu ildə orada yaradılıb. Bizim Macarıstan, Estoniya, Yaponiya və Koreya universitetləri ilə əlaqələrimiz də var.

- Bu gün universitetdə hansı ölkələrdən professorlar işləyir?

- ADA həddindən artıq rəngli mühitdir. Burda ABŞ-dan, Almaniyadan, Fransada, İtaliyadan, Britaniyadan, İsraildən, Estoniyadan, Türkiyədən, İrandan müəllimlərimiz olur.

- Belə görünür ki, siz xarici mütəxəssislərə üstünlük verirsiniz.

- Xarici mütəxəssislərə üstünlük verilir deməzdim. Əsas dilemmamız budur ki, biz keyfiyyəti saxlamağa və böyüməyə çalışırıq. Qərb ölkələrindən tələbə cəlb edəcək səviyyədə, Qərb standartlarına uyğun universitet yaratmaqdayıq. Lakin ADA-da diskriminasiya yoxdur, əgər azərbaycanlı mütəxəssis kifayət qədər təcrübəlidirsə, biz onu işə alırıq. Bizim fəlsəfəmiz keyfiyyət üzərində qurulub. ADA-ya xeyr vermə nöqteyi-nəzərindən, əgər xarici mütəxəssis azərbaycanlı mütəxəssisindən daha savadlıdırsa, bu, nəticə etibarilə Azərbaycanın özünə xeyirlidir ki, onu işə alaq, çünki o, keyfiyyətli tələbələr yetişdirəcək. Xarici mütəxəssisləri işə cəlb etmək daha çox mailliyə tələb edir, inanıram ki, bu prosedur davamlı olmayacaq, müəyyən vaxtdan sonra biz çalışacağıq ki, öz kadrlarımız işləsin. Lakin bu, vaxt tələb edir.

- ADA-da təhsil haqqı kifayət qədər yüksəkdir, hansısa ödənişsiz təhsil imkanları və yaxud təqaüd proqramları təklif edirsinizmi?

- Məni narahat edən məsələlərdən biri məhz budur. Belə bir təəssürat var ki, ADA bahalı universitetdir. Lakin bizdə tələbələrə təklif edilən imkanlar və şərait baxımından bu, elə də baha deyil. Məsələn, biz magistr tələbələrimizi proqram çərçivəsində hər hansı xarici universitetə göndəririk və bütün xərclərin hamısını ADA ödəyir. Başqa universitetlər bu xidmətlərə görə tələbələrdən daha çox pul alır. Tələbələrdən gələn vəsait ADA büdcəsinin çox cüzi hissəsini təşkil edir. Burda olan proqramları və çox keyfiyyətli müəllimləri diqqətə alanda tələbələrdən alınan miqdar o qədər də böyük deyil. ADA-da çox proqressiv bir təqaüd sistemi var. Ümumiyyətlə, Azərbaycan universitetlərində sistem elədir ki, TQDK-da lazımi bal toplayan tələbə avtomatik olaraq təqaüd alır. ADA-da yüksək (640-670) bal toplayan tələbə də təqaüd alır və bir semestr ödənişsiz təhsil alma hüququnu qazanır, lakin bu təqaüdü qorumaq üçün tələbə bütün semestri əla qiymətlərlə bitirməlidir. Semestri əla qiymətlərlə bitirən tələbə növbəti semestr ödənişsiz başlayır, beləliklə, bu, tələbənin özündən asılı olan bir məqamdır.

- Universitetdə nə qədər xarici tələbə təhsil alır və ADA-ya onları nələr cəlb edir?

- Bu gün ADA-da 25 ölkədən 42 xarici tələbə təhsil alır. İldən-ilə fərq olur. Bakı Enerji Yay Məktəbində də xarici tələbələr olur. Tələbələri bura cəlb edən nədir? Bəzi tələbələr araşdırma mövzusu kimi bu regionu götürür. Həm də buradan gədən müəllimlər ADA-nın ən gözəl reklamçılarına dönürlər, onlar gedəndən sonra ölkələrindən tələbələr müraciət etməyə başlayır. Bəzi proqramlarımız da çox yenidir, bu səbəbdən xarici tələbələrimizin sayı gözlədiyimiz kimi deyil. Azərbaycan XİN çərçivəsində fəaliyyət görsətən AİDA təşkilatı da xarici tələbələrə təqaüd təklif edir. Bizim səfirliklər də bizə kömək edir, eləcə də qəbul ofisimiz müxtəlif ölkələrə səyahət edir, müxtəlif universitetlərə elanlarımızı göndəririk.

- ADA daxilində Xəzər Enerji və Ətraf Mühit Mərkəzi fəaliyyət göstərir, mərkəzin əsas məqsədləri nədən ibarətdir?

- Xəzər Enerji və Ətraf Mühit Mərkəzini iki il əvvəl yaratdıq, burda bizim iki fikrimiz oldu. İllər boyunca neft-qaz məsələləri üzrə Azərbaycanın ciddi ənənəsi var, tarixi var, amma son illərdə bizim müşahidəmiz o idi ki, ARDNŞ kimi böyük şirkətimiz mövcuddur, lakin məsləhətlər, araşdırmalar üçün xarici şirkətlərə və qurumlara üz tuturuq. Bu da başadüşülən idi, çünki bizdə lokal informasiyaya sahib olan mütəxəssislər var idi, amma bunu dünya səviyyəsində emal edəcək, yeni fikirləri ortaya qoya biləcək metodologiyalardan xəbərdar olan alimlərimizin sayı az idi. Xaricilərin problemləri o idi ki, metodologiyanı bilirdilər, lakin Azərbaycanı yaxşı tanımırdılar. Biz qərara gəldik ki ilk dəfə Azərbaycanda ADA olaraq bu iki məqamı birləşdirək. Bizdə həm dünya səviyyəsində alimlər var, eyni zamanda bunlar azərbaycanlılardı və onlar Azərbaycanı heç bir əcnəbinin bilmədiyi səviyyədə bilirlər. Əsas məqsəd Azərbaycanda enerji ilə əlaqəli dövlət qurumlarına və şirkətlərinə ictimai qurum olaraq elmi məsləhətlər verə biləcək bir gurumun ortaya çıxması idi. Amerikada, Avropada olan “Think Tank”in gördüyü işləri görürük. Əsas iş üç istiqamətdə gedir: araşdırma, təlim-tədris işində iştirak və konfransların təşkil edilməsi. Məsələn, keçən il biz NATO ilə “Xəzər enerji təhlükəsizliyi” mövzusunda konfrans təşkil etdik. Mənə elə gəlir, uğurumuz ondan ibarətdir ki, bütün dünyanın ən məşhur alimlərini, dövlətlərin, şirkətlərin təmsilçilərini bir yerə topladıq, onlar arasında əlaqə yaratdıq, mühazirələr verildi, amma layihənin maliyyəsinin NATO tərəfindən ödənilməsinə nail olduq. Bizim ən məşhur proqramımız isə Bakı Yay Enerji Məktəbidir. Layihə ARDNŞ tərəfindən dəstəklənir. Uç həftəlik proqramda 45-ə yaxın iştirakçı olur. Bu, kifayət qədər bahalı proqramdır, amma bu proqrama Qərb ölkələrində kifayət qədər maraq olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR