Mixail Saakaşvili ABŞ-ın Fletçer adına Hüquq və Diplomatiya Məktəbinə işə düzəlib

Mixail Saakaşvili ABŞ-ın Fletçer adına Hüquq və Diplomatiya Məktəbinə işə düzəlib
# 21 dekabr 2013 11:12 (UTC +04:00)

APA-nın ali məktəbin veb-saytına istinadən verdiyi məlumata görə, eks-prezidentin mühazirələr kursu 2014-cü ilin yaz semestrində başlayacaq. Lakin bunun müqabilində Saakaşviliyə ödəniləcək qonorarın məbləği açıqlanmır.

Ali məktəbin yaydığı xəbərdə Gürcüstanın sabiq dövlət başçısı öz ölkəsinin tarixini dəyişdirən və onu Qərb istiqamətində inkişaf etdirən bir təcrübəli siyasətçi kimi qiymətləndirilir.

Xatırladaq ki, bu yaxınlarda Ukrayna KİV-nə müsahibəsində M.Saakaşvili Gürcüstanın yenidən qurulması ilə bağlı bir sıra Amerika universitetləri ilə iş apardığını etiraf edib. Həmçinin qeyd edib ki, ona ABŞ-ın aparıcı universitetlərinin birindən çox yaxşı və ciddi təklif daxil olub.

Hələ 1933-cü ildə yaradılan Fletçer adına Hüquq və Diplomatiya Məktəbi Tafts Universitetinin qurumudur. Tafts Universiteti isə «Times»ın beynəlxalq reytinqində 87-ci yer tutur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR