Azərbaycanın iqtisadiyyat və sənaye naziri Monteneqro parlamentinin sədri ilə görüşüb

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Monteneqro parlamentinin sədri ilə görüşüb
# 17 aprel 2014 16:01 (UTC +04:00)

Bakı. Aynur Əliyeva - APA-Economics. Bu gün iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev Bakıda səfərdə olan Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti Ranko Krivokapiçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Nazirliyin mətbuat xidmətindən “APA-Economics”ə verilən məlumata görə, görüşdə Ş.Mustafayev Azərbaycan-Monteneqro əlaqələrinin inkişaf etdiyini vurğulayıb, ölkələrimiz arasında əməkdaşlığın genişlənməsində qarşılıqlı səfərlərin əhəmiyyətini diqqətə çatdırıb.

Bildirilib ki, ikitərəfli siyasi əlaqələrin yüksək səviyyədə olması və ölkələrimizin potensialı iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün əlverişli zəmin yaradır. Ötən il TAP layihəsi üzrə imzalanmış anlaşma memorandumu Azərbaycan və Monteneqro arasında enerji sahəsində əməkdaşlıq üçün gözəl imkandır. Hazırda iki ölkə arasında bir sıra investisiya layihələri nəzərdən keçirilir və bu layihələrin uğurlu icrası ölkələrimiz arasında əlaqələrin inkişafına xidmət edəcək. Kənd təsərrüfatı, turizm, infrastruktur və investisiya qoyuluşu sahələrində ölkələrimiz arasında əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.

Ş.Mustafayev Ermənistan-Azərbaycan münaqişəsi barədə danışaraq, Ermənistanın işğalçı siyasəti nəticəsində Azərbaycan torpaqlarının 20%-nin işğal edildiyini, soydaşlarımızın qaçqın və məcburi köçkün həyatı yaşadığını bir daha vurğulayıb. O, təəssüflə qeyd edib ki, münaqişə ilə bağlı hələ də ikili standartlar tətbiq olunur, işğalçı Ermənistanın və qondarma rejimin nümayəndələrinə Avropaya səfər etmək üçün vizalar verilir, beynəlxalq tribunalarda onlara çıxış etmək imkanı yaradılır. Nazir beynəlxalq ictimaiyyətin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq hüquqa əsaslanan prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.

Monteneqro parlamentinin sədri, ATƏT Parlament Assambleyasının prezidenti R.Krivokapiç inkişaf edən Azərbaycan-Monteneqro əlaqələrindən məmnunluğunu ifadə edib, Azərbaycanın dinamik inkişafının ölkəsinin diqqət mərkəzində olduğunu vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR