Hüquq müdafiəçisi Elçin Behbudov DİN-in İnzibati həbs olunanların saxlanılması məntəqəsində monitorinq keçirib

Hüquq müdafiəçisi Elçin Behbudov DİN-in İnzibati həbs olunanların saxlanılması məntəqəsində monitorinq keçirib
# 09 may 2014 17:00 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə – APA. İşgəncələrə qarşı Azərbaycan Komitəsinin sədri, hüquq müdafiəçisi Elçin Behbudov və müavini Elçin Şirinov Daxili İşlər Nazirliyinin tabeliyində olan İnzibati həbs olunanların Saxlanılması Məntəqəsində monitorinq keçiriblər.

E. Behbudovun APA-ya verdiyi məlumata görə, orada saxlanılanlarla ictimaiyyət nümayəndələrinin xahişi ilə görüşüblər: «Orada saxlanılan AXCP üzvü Kəmalə Xəlilova görüşdə bildirdi ki, saxlanılan zaman və polis idarəsində təzyiqlərlə üzləşib. Lakin mən bu məsələni araşdırdım. Bildirdilər ki, K. Xəlilovanın dedikləri həqiqəti əks etdirmir. Onun tibbi kartasına baxdım. Orada şikayət etdiyi miqrendən bir dəfə təcili yardım çağırılması, iki dəfə həkim müayinəsindən keçdiyi qeyd olunub. Onun fiziki təzyiqlərə məruz qalması barədə heç bir qeyd yoxdur».

E. Behbudov İnzibati həbs olunanların Saxlanılması Məntəqəsində saxlanılan Tural Abbaslı, «Dalğa» Gənclər Təşkilatının sədri Hacı Zeynalov və Orxan Əyyubzadə ilə görüşdüyünü də qeyd edib: «Həmin şəxslərin saxlanma şəraitindən, onlara qarşı münasibətdən şikayətləri yoxdur. Lakin ittiham olunduqları maddə üzrə özlərini təqsirli bilmirlər».

Qeyd edək ki, adıçəkilən şəxslər «Nida» Vətəndaş Hərəkatının üzvlərinə oxunan hökmə etiraz edərək məhkəmə binası qarşısında şüarlar səsləndirdikləri üçün məhkəmənin qərarı ilə inzibati qaydada cəzalandırılıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR