Əbülfəs Qarayev Avstriya Milli Şurasının ikinci prezidentini qəbul edib - FOTO

Əbülfəs Qarayev Avstriya Milli Şurasının ikinci prezidentini qəbul edib - <span style="color: red;">FOTO
# 02 aprel 2014 15:32 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Aprelin 2-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Avstriya Milli Şurasının ikinci prezidenti Karlheinz Kopfun rəhbərliyi ilə ölkəmizdə səfərdə olan nümayəndə heyətini qəbul edib. Nazirlikdən APA-ya verilən məlumata görə, nazir ikitərəfli mədəni və turizm əlaqələrindən bəhs edərək münasibətlərin inkişafında, xalqların bir-birini tanımasında mədəniyyətin mühüm rolunu diqqətə çatdırıb. O, qeyd edib ki, Avstriya mədəniyyətinə Azərbaycanda xüsusi maraq var və ölkəmizdə bununla bağlı tədbirlər keçirilir. Həmçinin ölkəmizin mədəni irsinin Avstriyada tanıdılması istiqamətində tədbirlər təşkil olunur. Muzey və kitabxana sahəsində də əlaqələr inkişaf edir.

Qarşılıqlı turist axınının təmin edilməsi, turizm imkanlarının təşviq olunması barədə danışan Əbülfəs Qarayev ölkəmizdə bir sıra turizm müəssisələrinin inşaat layihələrində Avstriya şirkətlərinin fəal iştirakını xüsusi vurğulayıb. Nazir əlavə edib ki, ölkələrimiz arasında əməkdaşlıq eyni zamanda təhsil, o cümlədən turizm təhsili sahəsində inkişaf edir. Azərbaycan Turizm İnstitutu və Avstriyanın Krems Tətbiqi Elmlər Universiteti arasında ikitərəfli əməkdaşlıq müqaviləsi çərçivəsində bir çox tələbə ikili diplom alır.

Qonaq Azərbaycanın qısa müddətdə bu qədər nailiyyət qazanmasını yüksək qiymətləndirib və Avropaya inteqrasiya istiqamətində ölkəmizə daim dəstək göstərməyə hazır olduqlarını söyləyib. O, Azərbaycanla Avstriyanın etibarlı tərəfdaş olduğunu və geniş potensiala malik əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinin hər iki ölkə üçün faydalı olacağını vurğulayıb.

Görüşdə Avstriyanın Azərbaycandakı səfiri Silvia Meier-Kajbic də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR