Kür və Araz transsərhəd çaylarında mart ayının I ongünlüyü üçün keçirilən monitorinqlərin nəticələri açıqlanıb

Kür və Araz transsərhəd çaylarında mart ayının I ongünlüyü üçün keçirilən monitorinqlərin nəticələri  açıqlanıb
# 12 mart 2014 08:43 (UTC +04:00)

Bakı. Gülnar Bəşirova- APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə mart ayının I ongünlüyü üçün növbəti monitorinqləri həyata keçirib.

Nazirliyin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mart ayının I ongünlüyündə Kür çayında suyun sərfində fevral ayının III ongünlüyü ilə müqayisədə dəyişiklik qeydə alınmayıb, suyun sərfi 168 m3/san təşkil edib.

Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olması müşahidə olunub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenollar yol verilən qatılıq həddini (YVQH) keçib. Belə ki, Şıxlı-2 məntəqəsində fenollar 6, Ağstafaçayda 5,3, Ağstafaçay su anbarında isə 4 dəfə YVQH-ni keçib.


Mart ayının I ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə Araz çayı üzrə Horadizdə fenollar 2, I Şahsevəndə 1,8, Bəhramtəpədə isə 4 dəfə YVQH-ni keçib. Mis birləşmələri isə Kür və Araz çayları üzrə bütün məntəqələrdə norma daxilində tərəddüd edib. Suyun oksigen rejimi bütün məntəqələrdə 5,95-6,13 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR