Rusiya Federal Miqrasiya Xidməti 10 milyon rubl sərmayə yatıran əcnəbilərə vətəndaşlıq verilməsi ilə bağlı məlumatları təkzib edib

Rusiya Federal Miqrasiya Xidməti 10 milyon rubl sərmayə yatıran əcnəbilərə vətəndaşlıq verilməsi ilə bağlı məlumatları təkzib edib
# 13 fevral 2014 09:51 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Rusiya Federal Miqrasiya Xidməti əcnəbilərə vətəndaşlıq verilməsi ilə bağlı yayılan məlumatları təkzib edib. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, FMX rəhbərinin birinci müavini Yekaterina Yeqorova bildirib ki, Federal Miqrasiya Xidməti ilə İqtisadi İnkişaf Nazirliyi əcnəbilərə vətəndaşlığın pulla satılması barədə düşünmür.

Rusiya mediasında əcnəbilərə vətəndaşlığın verilməsi ilə bağlı yeni qanun layihəsinin hazırlanması haqqında yayılan məlumatları təkzib edən FMX rəsmisi bildirib ki, heç kəs 10 milyon rubl ödəyərək Rusiya vətəndaşlığı ala bilməz: “Heç kəs bunu qanun layihəsinə sala bilməz. Əslində qanun layihəsində tamam başqa şey nəzərdə tutulub. Yeniliyə görə, Rusiyaya sərmayə qoyan fərdi sahibkar üç il ərzində 10 milyon rubldan az olmayaraq gəlir əldə edərsə, o zaman ona vətəndaşlıq verilməsinə baxıla bilər. Hazırda Rusiya vətəndaşlığını həyat yoldaşı Rusiya vətəndaşı olan əcnəbilər və ya keçmiş SSRİ-də doğulanlar və heç bir vətəndaşlığı olmayan şəxslər ala bilərlər”.

Qeyd edək ki, Rusiyanın “Kommersant” qəzeti əcnəbilərə Rusiya vətəndaşlığı verilməsi ilə bağlı yeni qanun layihəsi hazırlandığı barədə məlumat yayıb. Məlumata görə, layihədə Rusiya iqtisadiyyatına 10 milyon rubl (287,4 min dollar) sərmayə qoyan əcnəbilərə ölkə vətəndaşlığı verilməsi nəzərdə tutulur. Bundan başqa, Rusiyanın kollec və ali təhsil məktəblərini bitirən və Rusiyada ən azı 3 il işləyən əcnəbi tələbələrə də vətəndaşlıq verilə bilər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR