Azərbaycanın Litvadakı səfirliyi Beynəlxalq Milad Xeyriyyə Yarmarkasında iştirak edib

Azərbaycanın Litvadakı səfirliyi Beynəlxalq Milad Xeyriyyə Yarmarkasında iştirak edib
# 02 dekabr 2013 09:16 (UTC +04:00)

Bakı – APA. Noyabrın 30-da Azərbaycan Respublikasının Litva Respublikasındakı səfirliyi paytaxt Vilnüs şəhərində akkreditə olunmuş diplomatik nümayəndəliklərin iştirakı ilə Ratuşada keçirilmiş 11-ci Beynəlxalq Milad Xeyriyyə Yarmarkasında iştirak edib. Səfirlikdən APA-ya verilən məlumata görə, yarmarkanın keçirilməsinin əsas məqsədi iştirakçılar tərəfindən satışa çıxarılan məhsullardan əldə olunan vəsaitlərin Litvanın uşaq və ahıllar evlərinə, uşaq xəstəxanalarına keçirilməsindən ibarətdir. Bununla yanaşı, yarmarka iştirakçı ölkələrin tarixi irsinin, mədəniyyətinin və mətbəxinin təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Azərbaycan üçün ayrılmış stenddə milli suvenirlər, xalçalar, ölkə ilə bağlı şəkillər, kitablar, bukletlər, paxlava və şəkərbura, yuxa, həmçinin içkilər, meyvə şirələri, mineral sular nümayiş olunub.

Tədbirin açılış mərasimində Litva prezidenti, xanım Dalya Qribauskayte iştirak edib. Açılış mərasimindən sonra bir sıra stendləri gəzən D. Qribauskayte Azərbaycan stendinə yaxınlaşıb və səfir Həsən Məmmədzadə ona nümayiş olunan məhsullar haqqında qısa məlumat verib.

Qırxdan artıq diplomatik nümayəndəlik və xarici təşkilatların təmsil olunduğu yarmarkada Azərbaycanın stendi ev sahibi Litva və Fransa stendləri ilə yanaşı qurulub və ən çox ziyarət edilən stendlərdən biri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR