Regionlar Partiyasından olan deputat: “Kiyevdə vətəndaş müharibəsi gedir” - EKSKLÜZİV

Regionlar Partiyasından olan deputat: “Kiyevdə vətəndaş müharibəsi gedir” - <span style="color: red;"> EKSKLÜZİV
# 20 fevral 2014 15:25 (UTC +04:00)

Bakı. Mübariz Aslanov, Şamil Əlibəyli - APA. Ukraynanın hakim Regionlar Partiyasının funksioneri ölkədə baş verənlərə münasibət bildirib.

Ukrayna Ali Radasının (parlament) Fraksiyalararası Deputatlar Birliyinin sədri, hakim Regionlar Partiyasından olan deputat Vadim Kolesniçenko APA-ya açıqlamasında bildirib ki, son günlər insan itkisi ilə müşayiət olunan hadisələrdən sarsılıb. Deputat baş verənlərə görə müxalifət liderlərindən olan “UDAR” partiyasının sədri Vitali Kliçkonu qınayıb və onu “ötən bazar ertəsi Berlində aldığı tapşırığı yerinə yetirməkdə” ittiham edib.

V. Kolesniçenko qeyd edib ki, hazırda paytaxt Kiyevdə “Ərəb baharı”nda olduğu kimi vətəndaş müharibəsi gedir: “Bu müharibəni törədənlərin demokratik lider adlandırılması ilə qətiyyən razı deyiləm! Bu, demokratiya deyil, faşizm siması alan ekstremizmdir. Onlar bu gün əllərində silah olmayan milisləri atəşə tutub, öldürürlər”.

Deputat üzvü olduğu Regionlar Partiyasında parçalanma olması barədə məlumatları da təkzib edib: “Sadəcə, Kiyev Administrasiya rəhbəri prezidentin səlahiyyətli nümayəndəsidir və paytaxtda başlayan hadisələrə görə partiyadan getmək qərarına gəldi. O özünü bitərəf təqdim etmək niyyəti ilə bu addımı atdı. Hazırda Kiyev rayon administrasiya sədrləri də bu niyyətlə partiyadan getmək qərarına gəliblər. Yəni bu siyasi maraqların balansını təmin etmək üçündür”.

Hakim partiya rəsmisi partiyadan 12 deputatın istefa verməsi barədə xəbəri də təkzib edib: “Belə bir şey yoxdur. Bizim Qərbi Ukraynadan olan 3-4 üzvümüz fraksiyadan çıxmaq qərarına gəlib. Onlar addımlarını onunla izah edirlər ki, ailələrinə, qohumlarına qarşı terror hədəsi, fiziki və psixoloji təzyiqlər olur. Bu da onların Qərbi Ukraynada yaşaması ilə əlaqədardır. Biz bu məsələni müzakirə etdik və onların bu istəyinə qarşı çıxmadıq”.

V. Kolesniçenko hadisələrdə Rusiya amilinin olması ilə bağlı deyilənlərə də münasibət bildirib: “Daha çox Qərbin təsiri hiss olunur”.

Hakimiyyət nümayəndəsi Ukraynada bəzi dövlət adamlarına və hakim partiyadan olan deputatlara Qərbin və ABŞ-ın tətbiq etdiyi sanksiyalara da sərt münasibət bildirib: “Onların pullarının, cəhdlərinin nəticəsində bu gün Ukraynada vətəndaş müharibəsi gedir!”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR