Azərbaycanda qonşu şəhər və rayonlarda tikinti zamanı sənədləri bir-biri ilə razılaşdırma Qaydaları müəyyənləşdirilib

Azərbaycanda qonşu şəhər və rayonlarda tikinti zamanı sənədləri bir-biri ilə razılaşdırma Qaydaları müəyyənləşdirilib
# 27 fevral 2014 07:20 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu - APA. Nazirlər Kabineti “Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərini bir-biri ilə razılaşdırma Qaydaları”nı təsdiqləyib.

APA-nın məlumatına görə, bu Qaydalar “Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında” Azərbaycan Respublikasının 2012-ci il 29 iyun tarixli 392-IVQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan prezidentinin 2012-ci il 4 sentyabr tarixli 695 nömrəli Fərmanının icrasını təmin etmək məqsədi ilə hazırlanıb və ərazi planlaşdırılması sənədləri (ümumi, baş və müfəssəl planlar) hazırlandıqda, onların qonşu ərazi vahidləri ilə razılaşdırılması məsələlərini tənzimləyir.

Qonşu ərazi vahidlərinin ərazi planlaşdırılması sənədlərinin bir-biri ilə razılaşdırılmasının məqsədi onların keyfiyyətinin yüksəldilməsinin və bir-birinə uyğunluğunun, yaşayış məntəqələrinin sosial-iqtisadi inkişafının, ekoloji təhlükəsizliyin və ətraf mühitin mühafizəsinin təmin edilməsindən ibarətdir. Ərazi planlaşdırılması sənədlərinin ilkin layihələri razılaşdırılmaq üçün Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq maraqlarına toxunulan qonşu inzibati ərazi vahidlərinə göndərilir. Ümumi planlar hazırlandıqdan sonra ərazi planlaşdırılması sənədləri müvafiq rəyin alınması üçün qonşu inzibati ərazi vahidlərinə göndərilir. Şəhərlərin inzibati sərhədi qonşu şəhər və rayon inzibati əraziləri ilə həmsərhəd olduqda, şəhərin Baş Planı işlənildikdən sonra razılaşdırılmaq üçün qonşu inzibati ərazi vahidlərinə göndərilir. Bu hallarda razılaşdırılmaq üçün qonşu inzibati ərazi vahidlərinin yerli icra hakimiyyəti orqanlarına göndərilən layihələrə 1 ay müddətində münasibət bildirilməlidir, əks halda layihə razılaşdırılmış hesab olunur.

Qonşu ərazi vahidlərindən təqdim edilən iradlar əsaslandırılmış formada qəbul olunmadığı halda, Nazirlər Kabinetinə müraciət olunur və bu məqsədlə Nazirlər Kabineti tərəfindən razılaşdırma komissiyası yaradılır. Layihə qonşu ərazi vahidlərinin iradları ilə birlikdə komissiyaya təqdim olunduqdan sonra komissiya bu məsələyə dair rəyini 2 ay müddətində bildirməlidir. Komissiyanın yekun rəyi tərəflər üçün məqbul hesab olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR