Azərbaycanın pərakəndə ticarətdə mal ehtiyatları indeksi kəskin azalıb

Azərbaycanın pərakəndə ticarətdə mal ehtiyatları indeksi kəskin azalıb
# 21 fevral 2014 09:41 (UTC +04:00)

Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən pərakəndə ticarət obyektlərində olan mal ehtiyatları indeksi 2014-cü ilin yanvar ayı üzrə 71,3% təşkil edib. «APA-Economics»in Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalara görə, bu göstərici dekabr ayına nisbətən 37,3 faiz bəndi azalıb.

İndeks hesabat ayının sonuna pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının dəyərinin əvvəlki ayın sonuna olan analoji göstəriciyə nisbəti kimi hesablanır.

İndeksin 100%-dən az olması mal qalıqlarının aylıq müqayisədə azalmasını göstərir. Belə ki, pərakəndə ticarət təşkilatlarında mal ehtiyatlarının həcmi 2014-cü il fevralın 1-nə 176,9 mln. manat, yanvarın 1-nə 248,2 mln. manat təşkil edib.

«Ekonomist» jurnalının («APA Holding»in üzvü) ekspertləri hesab edirlər ki, makroiqtisadi baxımdan mal ehtiyatlarının azalması müsbət amil kimi qiymətləndirilə bilər, lakin bunun üçün həmin azalma ticarət dövriyyəsinin artması fonunda baş verməlidir. «Bizim halda isə mal ehtiyatlarının azalması mal təchizatının zəifləməsi ilə əlaqədardır, çünki yanvar ayında pərakəndə ticarət dövriyyəsi dekabrla müqayisədə 2,431 mlrd. manatdan 1,666 mlrd. manatadək enib», - deyə ekspertlər vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR