SAMF Ağdam Çörək Muzeyinin yaradıcılarını bir araya gətirib - FOTO

SAMF Ağdam Çörək Muzeyinin yaradıcılarını bir araya gətirib - <span style="color: red;">FOTO
# 17 iyun 2014 10:27 (UTC +04:00)

Bakı - APA. Söz Azadlığını Müdafiə Fondunda (SAMF) Ağdam Çörək Muzeyinin fəaliyyətinin bərpası ilə əlaqədar muzeyin yaradıcıları ilə görüş keçirilib.

Fonddan APA-ya verilən məlumata görə, əvvəlcə qonaqlara SAMF-da muzeyə həsr olunan sərgi barəsində məlumat verilib.

Görüşdə son vaxtlar muzeyin bərpası ilə əlaqədar fondun fəaliyyəti haqqında danışan SAMF-ın icraçı direktoru Vüqar Tofiqli Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevaya, bir qrup Milli Məclis üzvünə, Mədəniyyət və Turizm Nazirliyinə və Ağdam RİH-ə müraciətlər ünvanladıqlarını bildirib. Onun sözlərinə görə, dünyada ikinci, keçmiş SSRİ məkanında birinci olan Çörək Muzeyinin indi rayonun işğal altında olmayan ərazisində bərpasının bu gün böyük mənəvi əhəmiyyəti ola bilər. Belə ki, muzeyin fəaliyyəti bərpa olunarsa, bu, həm böyüməkdə olan gənc nəslin tariximizin bir parçası barədə məlumatlarla tanış olmağa yardımçı olar, həm də muzeyin ziyarətçiləri olacaq əcnəbi qonaqların Qarabağda tarixən formalaşmış əkinçilik mədəniyyəti haqqında bilgilərin əldə etməsi ilə nəticələnər.

Muzeyin təşkilinin ideya müəllifi, uzun illər Ağdam Rayon Partiya Komitəsinin birinci katibi vəzifəsində çalışmış Sadıx Murtuzayev muzeyin yenidən bərpasının tərəfdarı olduğunu bildirib, bu addımın gənclərin çörəyə və halallığa münasibətində köklü dəyişikliklərə gətirib çıxaracağına, bu ruhda böyüyən gəncin vətən sevgisinin formalaşmasına yetərincə şərait yaradacağına inandığını söyləyib.

Muzeyin yaradılmasında xüsusi xidməti olmuş Əməkdar mədəniyyət işçisi Çimnaz Əliyeva muzeyin bərpasının təxmini məkanını da göstərib. Onun sözlərinə görə, muzey Ağdamın işğal altında olmayan ərazisindəki dəyirmanların birinin binasında bərpa edilərsə, bunun çox böyük əhəmiyyəti olar.

SAMF-ın koordinatoru Nəzirməmməd Zöhrablı isə son iki il ərzində fondun əməkdaşlarının ciddi səyi ilə muzeylə bağlı iyirmiyədək eksponat toplandığını qonaqların diqqətinə çatdırıb.

Sonda görüş iştirakçıları SAMF-ın iki ay əvvəl Ağdam Çörək Muzeyinin bərpası ilə bağlı həyata keçirdiyi layihənin davam etdirilməsini məqsədə uyğun hesab ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR