Müəllif Hüquqları Agentliyi elektron kitabxanaların yaradılması sahəsindəki problemlərlə bağlı məlumat yayıb

Müəllif Hüquqları Agentliyi elektron kitabxanaların yaradılması sahəsindəki problemlərlə bağlı məlumat yayıb
# 27 fevral 2014 10:08 (UTC +04:00)

Bakı. Cavid Zeynalov - APA. Müəllif Hüquqları Agentliyi son vaxtlar bəzi KİV-də elektron kitabxanaların yaradılması sahəsindəki problemlərin olduğu barədə dərc olunan yazılarla bağlı məlumat yayıb.

Agentlikdən APA-ya verilən məlumata görə, sözügedən məsələ ilə əlaqədar son vaxtlar bu quruma da sorğular daxil olmaqdadır.

Agentlik bildirir ki, elektron kitabxanaların yaradılmasına dair məsələlər “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunla tənzimlənmir. Hələlik digər qanunlarda da elektron kitabxanaların yaradılması və fəaliyyəti ilə bağlı konkret müddəalar yoxdur: “Bir sözlə, müəllif-hüquq baxımından ümumi prinsip belədir: əsərə müstəsna hüquqların istisnası əsasında kitabxana əldə edilən nüsxələri istifadəyə təqdim etmək hüququna malikdir. Lakin kitabxana “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunun 18-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla qanuni şəkildə öz fondu üçün əldə etdiyi həmin nüsxə əsasında yeni nüsxələr yaratmaq hüququna malik deyil. Üstəlik, kitabxana yeni nüsxələrin yaradılmasına heç bir şərait yaratmayan, xüsusi olaraq rəqəmli nüsxələrə münasibətdə sərt rejim tətbiqinə və bu nüsxələrin kitabxananın ərazisindən çıxarılmasına nəzarət etməlidir. Mövcud qanunvericiliyə uyğun olaraq hüquq sahibinin icazəsi olmadan rəqəmli şəbəkələrdə əsərin nüsxəsini yerləşdirmək və ya ona məsafədən əlçatımlığı təmin etmək qadağandır”.

Müəllif Hüquqları Agentliyi yaydığı məlumatda kitabxanalar məcburi nüsxəni əldə etmək hüququna malik olduğu halda, onu əldə edə bilməməsi məsələsinə də toxunub: “Fikrimizcə, bu, əsasən naşir və müəllif arasında lisenziya müqaviləsinin bəzi hallarda düzgün rəsmiləşdirilməməsi ilə bağlıdır. Belə ki, lisenziya müqaviləsinin “Əlavə şərtlər” qrafasında məcburi nüsxələr haqqında qanuni tələblər göstərilmir. Bir halda ki, nüsxələr kitabxanalara naşirlər tərəfindən gətirilməlidir, onda lisenziya müqaviləsinə kitabxanalara göndərilən məcburi nüsxələr haqqında əlavə bənd edilməlidir. Həqiqətən müəllifin əmlak hüquqlarının müstəsnalıq tələblərinin icrası hüquq sahibi ilə lisenziya müqaviləsi bağlamadan, müəlliflik hüququ ilə qorunan əsərlərin elektron nüsxələrinin yaradılmasını və kitabxanalararası istifadəsini qadağan edir. Bunlar olmadan isə kitabxanaların bu cür hərəkətləri qanunsuz hesab olunur. Kitabxana massivlərini rəqəmsal formaya çevirən zaman müəllif müqavilələrinin bağlanması çox vaxt praktiki həllolunmaz məsələyə çevrilir. Bu zaman həm çoxsaylı müəllif kollektivlərinə daxil olan lisenziyaların, həm də naməlum və ya ölkə xaricində yaşayan varislərin axtarışı çətindir. Digər tərəfdən, onların axtarışı, həmçinin müəllif qonorarlarının ödənilməsi üçün kitabxanaların büdcəsində vəsait nəzərdə tutulmur. Buna görə də məsələnin həlli ilə bağlı milli qanunvericiliyə uyğun olan və Azərbaycan Respublikasının beynəlxalq öhdəliklərini pozmayan təklifin təqdim olunmasını məqsədəuyğun hesab edirik. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” qanunda təsbit edilmiş müəlliflik hüququndan istifadəyə dair məhdudiyyətlər sırasına milli kitabxanalar tərəfindən gəlir götürmək məqsədi olmadan, onların fondunda olan əsərlərin təhsil və ya elmi məqsədlər üçün elektron daşıyıcılarda sərbəst surətçıxarılmasını, həmçinin yaradılmış nüsxələrin kitabxanalararası mübadiləyə verilməsini təmin edən müddəalar əlavə oluna bilər. Təklif olunan istisnalar kitabxanaların dairəsinin dəqiq müəyyən edilməsi, rəqəmsal nüsxələrin yaradılmasının konkret məqsədlərinin göstərilməsi, əsərlərin normal istifadəsinə hüquqi təminat olması, hüquq sahiblərinin və varislərin maraqlarına əsassız xələl gətirilməməsi şərtləri daxilində həyata keçirilə bilər”.

Qeyd edək ki, fevralın 25-də APA-da yayımlanan “Azərbaycanda elektron kitabxanaların mövcud durumu” adlı araşdırmada mütəxəssislər bu sahədə mövcud olan problemlərdən birinin də müəllif hüquqları ilə bağlı olduğunu bildiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR