Mədəniyyət və turizm nazirinin müavini: “Azərbaycanda turizm obyektlərində qiymətlər mütləq aşağı düşəcək”

Mədəniyyət və turizm nazirinin müavini: “Azərbaycanda turizm obyektlərində qiymətlər mütləq aşağı düşəcək”
# 11 fevral 2014 13:30 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu – APA. Mədəniyyət və turizm nazirinin müavini Vaqif Əliyev Azərbaycanda turizm obyektlərində qiymətlərin baha olmasının səbəbinə aydınlıq gətirib.

V.Əliyev APA-ya açıqlamasında deyib ki, elitar, orta və ucuz turizm növləri var: “Azərbaycan mentalitetinə görə kimsə hotel tikirsə, hesab edir ki, gözəl, çox yaxşı tikməlidir. Bu halda da böyük xərc çəkir və həmin hotelin vəziyyətinə, şəraitinə görə qiymətlər də yuxarı ola bilir. Amma son dövrlər Azərbaycana gələn turistlərin sayı hər il artdığına, müxtəlif təbəqələrdən insanlar gəldiyinə görə artıq ödəmə imkanları ilə bağlı ikiulduzlu, üçulduzlu hotellərin də tikintisinə başlanılıb. Həmin hotellərdə də qiymət aşağı olacaq. Bir məqamı da qeyd edim. Tikinti və digər sektorlarda qiymətləri bazar tənzimləyir. Bu sahələrdə qiymətlər aşağı düşdükcə, turizm sahəsində də qiymətlər aşağı düşür. Ona görə də narahatlığa əsas yoxdur, Azərbaycanda turizm obyektlərində də xidmətlərlə bağlı qiymətlər mütləq aşağı düşəcək”.

V.Əliyev Azərbaycan vətəndaşlarının qiymət səbəbindən istirahət üçün Gürcüstan, Türkiyə və digər ölkələrə üz tutmasına da toxunub: “Əlbəttə, bu, bizi narahat edir. Bizim də istəyimiz odur ki, ölkəmizdə turizm obyektlərində qiymətlər və şərait elə olsun ki, insanlarımız Azərbaycanda istirahət etsinlər və həmin vəsaitlər də Azərbaycanda qalsın. Amma bunu inzibati qayda ilə etmək olmaz. Mədəniyyət və Turizm Nazirliyi əmr versin ki, bu gündən heç kim istirahət üçün Gürcüstana getməsin, Azərbaycanda qalsın, bu, həll yolu deyil. Onsuz da o insanlar hansısa yol tapıb xaricə gedəcəklər. Bu məsələnin həlli odur ki, Azərbaycanda ucuz və keyfiyyətli xidmətlər göstərilsin, ucuz otellərimiz olsun”.

Mədəniyyət və turizm nazirinin müavini Azərbaycana gələn turistlərin sayını da açıqlayıb: “Hər il təxminən 2 milyon turist gəlir. Ancaq Azərbaycanın turizm potensialı çox yüksəkdir. Son dövrlər infrastruktur sürətlə inkişaf edir. Yollar salınır, yeni infrastruktur yaranır, maliyyə-kredit, rabitə sistemi yaxşılaşır, inkişaf edir. İnanıram ki, qısa dövrdə, xüsusən dövlət proqramlarının həyata keçirilməsi sayəsində turizmdə çox böyük sıçrayış ola bilər. Ən azı turistlərin sayı iki dəfə arta, 4 milyona çata bilər”.

V.Əliyev turizm obyektlərində faciəli hadisələrin qarşısının alınması üçün nazirliyin yoxlamaları sərtləşdirdiyini də vurğulayıb: “Nazirlik turizm şirkətlərinə lisenziya verir, bir müddət sonra isə monitorinqlər keçirir. Hər il mövsüm qabağı turizm şirkətlərinin böyük əksəriyyətində plana uyğun olaraq monitorinqlər keçirilir. Yəni həmin hotellər, istirahət yerləri yoxlanılır. Hansında çatışmazlıq varsa, onlara qısa vaxt verilir ki, o çatışmazlıqları aradan qaldırsınlar. Sözsüz, elə şirkətlər tapılır ki, buna əməl etmir. Bununla bağlı ötən il bir neçə şirkətin, o cümlədən bədbəxt hadisə baş verən şirkətin lisenziyası ləğv edilib. Faciəli hadisələrin qarşısının alınması üçün turizm obyektlərinə nəzarət sərtləşdirilir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR