Azərbaycanın mədənçıxarma sənayesində istehsalın həcmi 4% azalıb

Azərbaycanın mədənçıxarma sənayesində istehsalın həcmi 4% azalıb
# 22 mart 2014 09:17 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Bu ilin yanvar-fevral aylarında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın həcmi 3,9 mlrd. manat olmaqla əvvəlki ilin müvafiq dövrünün səviyyəsindən 4,4% az olub.


APA-Economics”in Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin iki ayında ölkədə 6 837,7 min ton xam neft (qaz kondensatı daxil olmaqla) istehsal olunub. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,8% azdır.


Bu müddət ərzində ölkədə 3 060,8 min kubmetr təbii qaz istehsal edilib ki, bu da ötən ilki göstərici ilə müqayisədə 5,8% çoxdur. Həmçinin bu il ərzində Azərbaycanda duz istehsalı 10,8% artaraq 4,8 min ton təşkil edib.


Hesabat dövründə 25,4 min ton dəmir filizi istehsal edilib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 36,5% azdır. Bu müddət ərzində ölkədə tikinti qumunun istehsalı 28,6% azalaraq 207,0 min ton, çınqıl, qırmadaş, xırda çay daşı və çaxmaq daşı istehsalı 36% azalaraq 230,3 min ton olub.


Bu ilin ilk iki ayında inşaat üçün əhəng daşının istehsalı 10,3% artaraq 65,3 min ton təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR