Gürcüstanın baş naziri tələbələrlə görüşüb

Gürcüstanın baş naziri tələbələrlə görüşüb
# 13 mart 2014 16:28 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə - APA. Bu gün Gürcüstanın baş naziri İrakli Qaribaşvili İ.Cavaxişvili adına Tiflis Dövlət Universitetinin tələbələri ilə görüşüb.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə baş nazir tələbələrə yeni kommunikasiya forması təklif edib.

Baş nazir bildirib ki, onun Facebookdakı rəsmi veb-səhifəsində “Baş nazir üçün yeni nəsildən ideya” adlı xüsusi proqram yaradılacaq: “Mənim üçün sizin fikirlərinizin çox böyük əhəmiyyəti var. Bu gün sizinlə əlaqə üçün ən əlverişli vasitə Facebook səhifəsidir. Vaxtımın az olmasına baxmayaraq, sizinlə birbaşa əlaqə yaratmaq üçün tənqidi qeydlərinizlə, şərh və ideyalarınızla tanış olacağam. Bizim üçün sizin iştirakınız və fəallığınız çox vacibdir. Mən çox şad olacağam ki, rəsmi səhifəmdəki Forumda siz iştirak edəcəksiniz”.

Baş nazir etnik azlıqlara dövlət dilinin öyrədilməsi probleminə də münasibət bildirib: “Mən bu problemlə tanışam. Elə kəndlər var ki, gürcü dilində danışmağı yaddan çıxarıblar. Biz xüsusi proqram çərçivəsində bu məsələnin üzərində işləyirik. Bu vacib məsələnin həlli ilə bağlı layihələrdə nəinki Təhsil Nazirliyi, eləcə də digər müəssisələr iştirak edir”.

Qeyd edək ki, görüşdə gürcü tələbələri ilə yanaşı, universitetdə təhsil alan azərbaycanlı tələbələr də iştirak edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR