Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qurumun yaranmasının 2-ci ildönümü ilə bağlı tədbir keçirilib - VİDEO

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində qurumun yaranmasının 2-ci ildönümü ilə bağlı tədbir keçirilib - <span style="color: red;">VİDEO
# 13 fevral 2014 09:52 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində (SHÇDX) qurumun yaranmasının 2-ci ildönümü münasibəti ilə tədbir keçirilib. APA-nın məlumatına görə, tədbirdə çıxış edən SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov rəhbərlik etdiyi qurumun ötən dövrdə həyata keçirdiyi tədbirlər barədə məruzə ilə çıxış edib.

A. Rəhimov bildirib ki, Xidmət yarandıqdan sonra çağırış sisteminə diqqət artırılıb. Müvafiq qanunvericilik bazası təkmilləşdirilib.

«Hazırda hərbi qeydiyyat və hərbi uçot sahəsində vahid elektron informasiya sisteminin yaradılması istiqamətində işlər aparılır. Bu sistem vasitəsi ilə çağırışaqədər yaş hədində olan vətəndaşların, çağırışçıların və hərbi vəzifəlilərin qeydiyyatı və uçotu aparılacaq. Bu isə vətəndaşların həqiqi hərbi xidmətə çağırış sisteminin təkmilləşdirilməsində mühüm rol oynayacaq», - deyə A. Rəhimov vurğulayıb.

A. Rəhimov qeyd edib ki, müharibə şəraitində olmağımız səfərbərlik hazırlığı və səfərbərlik işinin təşkilində Xidmətin üzərinə əlavə vəzifələr qoyur.

Ötən müddət ərzində qanunvericiliyə uyğun olaraq, ölkə ərazisində fəaliyyət göstərən mülkiyyət və təşkilati hüquq formasından asılı olmayaraq hüquqi şəxs statusunda olan müəssisə, idarə, təşkilat və təhsil müəssisələrində hərbi vəzifəlilərin uçotunun aparılması işinin yoxlanılması nəzarətdə saxlanılıb. Bu sahədə mövcud qanunvericilik təkmilləşdirilib. Xidmət tərəfindən korrupsiya və rüşvətxorluğa qarşı mübarizə tədbirləri gücləndirilib. Ümumilikdə SHXÇDX tərəfindən fəaliyyəti dövründə qanunvericiliyə 400-dən artıq dəyişiklik təklif olunub və onların böyük qismi qəbul edilib.

Xidmət rəisi onu da vurğulayıb ki, ötən il Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin inkişafına dair 2013-2018-ci illər üçün Tədbirlər Planı hazırlanaraq təsdiq olunub. Ötən il SHÇDX-də 5 elektron xidmət istifadəyə verilib.

«Bizim qarşımızda böyük işlər, vəzifələr durur. Bunun üçün Silahlı Qüvvələrin Ali Baş Komandanı və Azərbaycan hökuməti tərəfindən hər cür şərait yaradılıb», - deyə A. Rəhimov əlavə edib.

Tədbirin sonunda SHÇDX rəisinin əmri ilə xidmətdə fərqlənən hərbi qulluqçuları mükafatlandırılıb.

Qeyd edək ki, SHÇDX-nin rəhbərliyi və mərkəzi aparatının əməkdaşları bu gün Fəxri Xiyabanı və Şəhidlər Xiyabanını ziyarət ediblər.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR