Fərid Məmmədov: “Bütün dünya azərbaycanlılarından dəstək gözləyirəm” - MÜSAHİBƏ - FOTOSESSİYA

Fərid Məmmədov: “Bütün dünya azərbaycanlılarından dəstək gözləyirəm” - <span style="color: red;">MÜSAHİBƏ  - <span style="color: red;">FOTOSESSİYA
# 14 may 2013 11:20 (UTC +04:00)

Malmö. Ülkər Qasımova – APA. Azərbaycanın “Eurovision 2013” mahnı müsabiqəsindəki təmsilçisi Fərid Məmmədovun APA-nın İsveçdə olan müxbirinə müsahibəsi

- “Eurovision” səhnəsində olmaq çoxsaylı ifaçıların ən böyük arzuları sırasındadır. Sənin üçün bu səhnədə olmaq necə bir hissdir?

- Olduqca gözəl və qürur verici bir hissdir. Artıq bir neçə dəfə bu səhnədə məşq etmişəm və həyəcanımın olmaması məni sevindirir. Özümü çox rahat və sərbəst hiss edirəm. İstər səhnəmiz, istərsə də mahnımız həqiqətən də hər kəs tərəfindən bəyənilir. Ölkəmizi bu müsabiqədə təmsil etməkdən qürur duyuram. Ölkəmizin yenidən qalib olması üçün əlimdən gələni əsirgəməyəcəyəm. Azərbaycan ötən il bu müsabiqəyə uğurla ev sahibliyi edərək xarici qonaqları, sözün yaxşı mənasında heyrətləndirməyi bacardı. Bu heyrəti davam etdirmək və yenidən yaşatmaq isə mənim öhdəmə düşür.

- İlk iki məşqdən sonra artıq Azərbaycan ilk beş favoritlər arasına daxil olub. Səncə biz qələbəyə nə dərəcədə yaxınıq?

- Bura gələnə kimi və səhnəyə çıxmazdan əvvəl bir çox fikirlər beynimdən keçirdi. Amma həqiqətən də bütün bunlara baxmayaraq, hər dəqiqə öz üzərimdə çalışıram, çünki artıq mən ölkəmin təmsilçisiyəm və xalq məndən qalibiyyət, yüksək nəticə gözləyir. Bu ümidləri doğrultmaq üçün dayanmadan çalışıram. Səhnəyə çıxdıqdan və artıq bizə olan münasibəti gördükdən sonra düşündüm ki, biz yenə də qələbəyə çox yaxınıq. Bu hal məni olduqca sevindirir. Avropa mediasının, bu yarışmadakı təmsilçilərin ölkəmizə və mənə olan münasibəti olduqca ürəkaçandır. Düşünürəm ki, özümü sübut etmək üçün bu müsabiqə mənim üçün bir şansdır.

- Mayın 16-da “Malmö Arena”da Fərid Məmmədovdan neçə bir çıxış gözləyək? Fikrimcə, bu müsabiqədə uğur qazanmaq üçün həm də müəyyən qədər yeniliyə ehtiyac duyulur. Yeniliyin nədən ibarət olacaq?

- Hər gün məşqlərimiz davam edir. Özümü yarımfinal mərhələsində çıxış etməyə tam hazır hiss edirəm. Səhnədə mən kölgə ilə müşayiət olunuram. Həqiqətən də hazırlanan şou çox mükəmməldir. Bu özü bir yenilikdir. Həm də mən ilk dəfədir bu səhnədə çıxış edəcəyəm və Avropa üçün yeni simayam. Kölgə mənim hisslərimi ifadə edir. Sevgidə baş verən dəyişikliklər səhnə performansındakı qapalı qutuda təcəssüm olunur.

- Ölkəmizə bu il maraq çoxdur. Bu, Mətbuat Mərkəzində, ümumiyyətlə, şəhərə gələn qonaqlar arasında hiss edilməkdədir. Azərbaycanın daha çox qələbə qazanmaq şansı var. Bu qələbəyə hazırsanmı?

- Qalib gəlsəm çox şad olardım. “Eurovision” mahnı müsabiqəsinin yenidən ölkəmizdə çox yüksək səviyyədə keçiriləcəyinə heç bir şübhəmiz yoxdur. Bu, təkcə bizim rəyimiz deyil. Avropa Yayım Birliyinin uzun illər “Eurovision” mahnı müsabiqəsinə rəhbərlik edən nümayəndələri, eyni zamanda, qurumun Məşvərət Qrupu layihənin icrasının bütün mərhələlərində öz fikirlərini bildiriblər.

- Digər ölkə təmsilçiləri ilə münasibətlər hansı səviyyədədir?

- Kifayət qədər yeni dostlar qazanmışam. Bilirsinizmi, bu müsabiqədə artıq iştirak etmək və o səhnəyə çıxaraq bütün Avropaya öz istedadını nümayiş etdirmək çox böyük bir nailiyyətdir. Qalib olsaq da, olmasaq da, Azərbaycan hər il olduğu kimi, yenə də öz sözünü deyəcək. Qalib olmaq bu müsabiqədə əsas şərt deyil, ən əsası yaddaşlarda qalmaq və sevilməkdir.

- Fərid Məmmədov özünə necə dəstək istəyə bilər?

- Bütün dünya azərbaycanlılarından dəstək gözləyirəm. Bilirəm ki, hər kəsin ürəyi mənimlədir. Səhnədəki çıxışıma çox güvənirəm. Hər birinizin dəstəyinə ehtiyacım var, bunu məndən əsirgəməyin.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR