Bakıda Azərbaycan Vikipediyaçılarının Milli Forumu keçirilib

Bakıda Azərbaycan Vikipediyaçılarının Milli Forumu keçirilib
# 10 mart 2014 08:40 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Bakıda Azərbaycan Vikipediyaçılarının I Milli Forumu keçirilib. APA-nın xəbərinə görə, forumun məqsədi bu sahənin mütəxəssislərini bir araya gətirməkdir.

Forumun açılış mərasimində çıxış edən Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı bildirib ki, «Vikipediya» fantastik bir layihə, açıq ensiklopediyadır və dünyanın bütün dillərində yaradılıb. Onun sözlərinə görə, «Vikipediya» dünyanın müxtəlif ölkələrində məqalələrin yenilənməsi və həcmi baxımından ensiklopediyanı üstələyir: «Bu gün «Vikipediya» dünyanın məşhur olan ensiklopediyaları ilə müqayisə oluna bilən bir ensiklopediyadır. Bu gün Azərbaycanda 120 min tələbəmiz var ki, onun 1%-i buna qoşulsa daha uğurlu nəticələr əldə etmək olar».

«Vikipediya» idarəçisi İradə Ələkbərova qeyd edib ki, ümumilikdə «Vikipediya» 44,5 mln. istifadəçini əhatə edir. Onun sözlərinə görə, Azərbaycan «Vikipediyası»nda 70 min nəfər istifadəçinin olmasına baxmayaraq, məqalələrin sayı çox azdır. Burada istifadəçi kimi qeydiyyatdan keçənlərin yalnız 1%-i aktivdir: «Digərləri isə sadəcə qeydiyyatdan keçərək passiv iştirakçı rolunu oynayırlar. «Vikipediya»da istifadəçilərin 1%-i aktiv, 9%-i qismən aktiv, 90%-i isə passivdir. Burada məqalələrin artımı ildə 2-3 mindir».

Millət vəkili Aydın Mirzəzadə isə deyib ki, bu şəbəkədə Azərbaycanın 98 921 məqaləsi var və bu, azdır. Azərbaycan «Vikipediyası»nda hər gün 20 yeni məqalənin yaradıldığını deyən A.Mirzəzadənin sözlərinə görə, «Vikipediya» yazısını hələ ki, cəmiyyətin içinə yeridə bilməmişik. Bir sıra təkliflər irəli sürən millət vəkili qeyd edib ki, «Vikipediya»ya elmi müəssisələr də qoşulmalı, universitetlərdə «Vikipediya» qrupları yaradılmalıdır, mətbuatda «Vikipediya» ilə bağlı davamlı materiallar verilməlidir.

Qeyd edək ki, Forumun məqsədi Azərbaycan informasiya resurslarının «Vikipediya»da mövcud durumu ətrafında fikir mübadiləsinin aparılması, «Vikipediya»nın inkişafı istiqamətində Fəaliyyət Planının hazırlanması, Azərbaycan dilində «Vikipediya»nın inkişafını təmin etmək üçün təkliflər paketinin hazırlanması, problemlərin və onların həlli yollarının müzakirəsidir. «Vikipediya» dünyanın ən böyük açıq onlayn ensiklopediyasıdır. Bu layihədə 287 dildə 30 mln.-dan çox ensiklopedik məqalə var. Azərbaycandilli «Vikipediya»da isə məqalələrin sayı hazırda 98 mindir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR