Marneulidə təhsil problemləri müzakirə olunub

Marneulidə təhsil problemləri müzakirə olunub
# 18 iyul 2013 15:27 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Marneulidəki Mülki Məşğulluq Mərkəzində Gürcüstan reinteqrasiya nazirliyinin təşəbbüsü ilə Marneuli Mülki Məşğulluq Mərkəzi (USAİD), Reinteqrasiya Naziriliyi ilə birgə "Təhsil sahəsində olan problemlər” mövzusunda milli azlıq nümayəndələri və təhsil nazirliyinin nümayəndələri ilə görüş keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri reinteqrasiya məsələləri üzrə dövlət naziri aparatının vətəndaş inteqrasiyası idarəsinin rəhbəri Tina Gogeliani açaraq təhsilin problemləri barədə aparılan müzakirələrin müsbət nəticə verdiyini bildirib. Sonra Məşğulluq Mərkəzinin əməkdaşı Zaur Darğallı tədbirdə iştirak edən Gürcüstan təhsil nazirliyinin rəsmilərini iştirakçılara təqdim edib. Görüşdə Müəllimlərin Professional İnkişafı Mərkəzi Departamentinin (MPİMD) nəzdində "Gürcü dilini ikinci dil kimi öyrənək" proqramının rəhbəri Mako Çilaşvili, Müəllimlərin professional inkişafı mərkəzi departamentinin eksperti Maya Melikidze, Gürcüstan Azərbaycanlı Gənclər İttifaqının rəhbəri Leyla Məmmədova təhsil və onə çatışmazlıqlar barədə fikir, təklif və rəylərini söyləyiblər.

Sonra tədbir sual-cavab və diskussiya şəraitində davam edib. Görüş iştirakçıları təhsil sahəsində olan problemlər, eyni zamanda Azərbaycandilli məktəblərdə dərsliklərin çatışmaması, Azərbaycan dili və ədəbiyyatı, tarix və coğrafiya dərslərinin tədrisi və saatlarının çoxaldılması, dərsliklərin gürcü dilindən Azərbaycan dilinə keyfiyyətsiz tərcümə olunması, məktəblərdə kadr çatışmazlığı, gürcü ali məktəblərinə qəbul zamanı 1+4 proqramı ilə bağlı suallar verilib və bölgədə fəaliyyət göstərən Gürcü dili Evlərinin zəif fəaliyyət göstərməsi, məktəbəqədər uşaq müəssisələrinin sayının artırılması, yaşlı kadrların gənc kadrlarla əvəz edilməsi məsələləri təhsil nazirliyi əməkdaşlarının nəzərinə çatdırılıb.

Tədbirdə suallara cavab verərək, çıxış edən nazirliyin rəsmiləri bildiriblər ki, yeni tədris ilində etnik azlıqların təhsil aldığı məktəblər gürcü dili dərslikləri ilə təmin olunacaq və hazırda tərcümə və nəşr irəli aparılır. Tədbirdə qeyd olunub ki, Azərbaycandilli məktəblərdə birinci sinif şagirdlərinin gürcü dilini öyrənmək səviyyəsi 85,5% yüksəlib və bu ildən başlayaraq, “Gürcü dilini ikinci dil kimi öyrənək proqramı” həyata keçiriləcək.

Tədbirdə Azərbaycandilli məktəblərdə gürcü dilini tədris edən müəllimlər də çıxış edərək, dərs zamanı rastlaşdıqları problemləri də qeyd ediblər. Onlar bildiriblər ki. Azərbaycandilli məktəblərdə nəinki gürcü dili problemləri var, eyni zamanda məktəblərdə kitabxana və ana dilində bədii ədəbiyyat çatışmır.

Məlumata görə, görüşdə bildirilən vacib problemlər, təklif və rəylər Gürcüstan hökuməti tərəfindən yeni işlənib hazırlanacaq, “Vətəndaş inteqrasiyası planı”na əlavə ediləcək.

Tədbirdə Gürcüstanın baş naziri Bidzina İvanişvilinin köməkçisi Savalan Mirzəyev, bölgədə fəaliyyət göstərən təhsil resursları mərkəzlərinin və fəal ictimaiyyət nümayəndələri, məktəb direktorları, “1+4” proqramı ilə təhsil alan tələbələr, abituriyentlər, müəllimlər iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR