Quba hadisələrində təqsirləndirilən jurnalistlərin məhkəmə prosesi davam etdirilib

Quba hadisələrində təqsirləndirilən jurnalistlərin məhkəmə prosesi davam etdirilib
# 29 yanvar 2013 14:25 (UTC +04:00)

Xaçmaz. Vəli Turan – APA. Bu gün Xaçmaz Rayon Məhkəməsində Quba hadisələrində təqsirləndirilən jurnalistlərin və digər 4 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. APA-nın şimal bürosunun verdiyi məlumata görə, prosesdə şahidlər ifadə verib.

Təqsirləndirilən şəxslər saxlanma və məhkəməyə gətirilmə şəraitindən narazı olmaları barədə vəsatətlə çıxış ediblər. Hakim bu məsələnin araşdırılacağını söyləyib.

Proses fevral ayının 7-də davam etdiriləcək.

Qeyd edək ki, Quba hadisələrinə görə saxlanılan şəxslərdən Quba şəhər Bələdiyyəsinin sədri Elxan Əliyev, “Xəyal” televiziyasının icraçı direktoru Vüqar Qonaqov, televiziyanın baş redaktoru Zaur Quliyev, Zakir Məmmədov, Gülağa Əliyev Cinayət Məcəlləsinin 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə) və 309.2 ( vəzifə səlahiyyətlərini aşma) maddələri ilə, Muxtar Ələkbərov isə CM-in 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri üzrə təqsirləndirilirlər.

Ötən il martın 1-də Qubada İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun istefası tələbi ilə etiraz aksiyası keçirilib. Aksiya toqquşmalar və zorakılıqla müşayiət olunub. İcra Hakimiyyətinin yardımçı binaları, İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun evi yandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR