Azərbaycan Xəzər dənizinin sahil zonasının idarəçiliyinin üçölçülü GİS modelini hazırlayıb

Azərbaycan Xəzər dənizinin sahil zonasının idarəçiliyinin üçölçülü GİS modelini hazırlayıb
# 18 aprel 2013 13:27 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan Xəzər dənizinin sahil zonasının idarəçiliyinin üçölçülü GİS modelini hazırlayıb. Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutunun direktor əvəzi Ramiz Məmmədov bildirib.

Onun sözlərinə görə, Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondunun dəstəyi ilə hazırlanan yeni model Xəzərin Azərbaycan sektorunun sahil zonasının idarəçiliyinin strateji əsaslarını yaradır: “Hər dəfə səviyyə dəyişəndə sahil zonasında böyük ekoloji və iqtisadi itkilər baş verir. Ona görə də yeni modelə əsasən, üçölçülü xəritələr düzəldilir və Xəzər dənizinin səviyyə diapazonu müəyyənləşdirilir. 10, 50, 100 ilə səviyyənin dəyişə bilmə ehtimallarına uyğun olaraq sahil zonası üzrə baş verə biləcək təbii, sosial-iqtisadi hadisələrin ssenarisi qurulur. Bu zaman yerin relyefi mütləq nəzərə alınır. Modelə əsasən, sahil zonasının idarəçiliyinin strateji əsasları qurulur və dövlət qurumlarına tövsiyələr verilir”.

R.Məmmədov deyib ki, son illər Xəzərin səviyyəsində kiçik dəyişmələr qeydə alınır: “Ona görə də bu dövrə nisbətən stabil dövr kimi baxırıq. Hazırda Xəzərin səviyyəsi dünya okeanının səviyyəsindən 27m 30 sm aşağıdır. 2020-ci ilə qədər Xəzərin səviyyəsində ekstremal dəyişiklik gözlənilmir. Kiçik ehtimalla iqlim dəyişikləri Xəzərin səviyyəsinin artmasına səbəb ola bilər”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR