Azərbaycanlı parlamentarlar AŞPA-dakı müzakirələrdə çıxış ediblər

Azərbaycanlı parlamentarlar AŞPA-dakı müzakirələrdə çıxış ediblər
# 24 aprel 2013 13:24 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli – APA. Bu gün Avropa Şurası Parlament Assambleyasında “Dini icmalara qarşı zorakılıqlar” mövzusunda müzakirə aparılıb. APA-nın Strasburq müxbirinin xəbərinə görə, müzakirələrdə Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvləri Rafael Hüseynov və Sahibə Qafarova çıxış ediblər.

R. Hüseynov bildirib ki, dinlərin, inancların insanları birləşdirmək və ayırmaq kimi iki fərqli keyfiyyəti var: “Din siyasətlə qarışdırılmayanda, dindən hansısa örtülü məqsədlər üçün istifadə edilməyəndə din məhz insanları və xalqları bir-birinə yaxınlaşdırmağa, anlaşmaya, sülhə, əməkdaşlığa zəmin yaradır. Lakin istər arxada qalan tarixdə, istər müasir dövrdə müxtəlif ölkələrdə dini icmalara və bütövlükdə dinə, onun müqəddəslərinə, rəmzlərinə münasibətdə ortaya çıxan bəzi neqativ məqamları araşdıranda mütləq bunun arxasında hansısa xoş olmayan siyasi, iqtisadi, ya digər maraqların dayandığı üzə çıxır. Son bir neçə ildə Avropa Şurasında dinlərarası dialoqla bağlı ardıcıl olaraq məruzələrin hazırlanması, müzakirələrin aparılması həm də onun göstəricisidir ki, bu istiqamətdə hər halda problemlər mövcuddur, vəziyyətin arzu etdiyimiz yüksək səviyyəyə çatması üçün hələ çox çalışmaq lazımdır”.

R. Hüseynovun sözlərinə görə, din, əqidə, inanc seçimindəki azadlıq insanın fundamental hüquq və azadlıqları sırasında ön yerdə dayananlardandır: “Lakin onu da görməmək mümkün deyil ki, ayrı-ayrı dini sektalar vasitəsilə bəzən din pərdəsi altında ekstremist fəaliyyətlər də gerçəkləşdirilir, ruh azadlığına qətiyyən aidiyyəti olmayan məqsədlər də güdülür və onlara qarşı ayrı-ayrı ölkələrdə dövlətin, cəmiyyətin təhlükəsizliyi baxımından zəruri tədbirlər görüləndə isə bunu qeyri-qanuni təzyiq, insan haqlarına, din azadlığına həqarət kimi qələmə verməyə cəhd olunur. Mənim ölkəm Azərbaycan müxtəlif dinlərin bir-biri ilə yanaşı, bir-birinə hörmət və əməkdaşlıq şəraitində mövcudluğuna çox uğurlu nümunə, müəyyən mənada model sayıla bilər. Həm də bu model uzun tarixi olan klassik bir modeldir”.

Sahibə Qafarova isə bildirib ki, dini tolerantlıq, dini dözümlülük müasir sivilizasiyada insanların təhlükəsiz şəraitdə yaşamasının ən mühüm şərtləndirən biridir: “Mən öz ölkəmin timsalında bunun nə qədər əhəmiyyətli, insanları bir arada tutan mühüm dəyər olduğunu söyləyə bilərəm. Bildiyiniz kimi, Azərbaycan çox mürəkkəb bir coğrafi məkanda yerləşir. Regionda təkcə siyasi baxımdan deyil, dini və milli mənsubluq baxımından da kifayət qədər həssaslıq var. Lakin bütün bu məsələlərə rəğmən Azərbaycan dini və milli tolerantlıq baxımından bölgə dövlətləri arasında liderlik edir. Ölkəmizin ətrafında və daxilində digər dinlərin daşıyıcısı olan xeyli sayda millətlər yaşayır. Azərbaycanda bütün dinlərə və digər millətlərə mənsub olan toplumlara tarixən tolerant münasibət bəslənilib. Bu münasibət, təbii ki, inzibati metodlar hesabına formalaşdırılmayıb və formalaşdırılması da mümkün deyil. Çünki tolerantlıq hər kəsin fərqli ifadə tərzinə hörmətlə, ziddiyyət təşkil etsə belə onun fikirlərinə dözümlü yanaşmaqdır. Bu isə Azərbaycanın milli-mədəni, mənəvi dəyərləri, tarixi ənənələri və bütövlükdə türk millətinin xarakteri ilə bağlı olan məsələdir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR