Azərbaycan-Tatarıstan mədəniyyət əlaqələri müzakirə edilib

Azərbaycan-Tatarıstan mədəniyyət əlaqələri müzakirə edilib
# 23 aprel 2013 07:49 (UTC +04:00)

Bakı. Xanım Nağıyeva - APA. Aprelin 22-də Azərbaycan mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva Bakıda səfərdə olan Rusiya Federasiyası Tatarıstan Respublikasının mədəniyyət işçiləri ilə görüşüb.

Mədəniyyət və Turizm Nazirliyindən APA-ya verilən məlumata görə, görüşdə Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyət siyasəti şöbəsinin müdiri Fikrət Babayev, şöbənin qeyri-maddi mədəni irs sektorunun müdiri Yaşar Hüseynli iştirak edib.

S.Məmmədəliyeva bu cür görüşləri yüksək dəyərləndirdiyini vurğulayıb, Azərbaycanda qeyri-maddi mədəni irsin qorunması sahəsində görülən işlərlə bağlı qonaqlara məlumat verib. Onun sözlərinə görə, nazirlik tərəfindən Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması, bərpası və istifadəsində müasir mədəni-siyasi texnologiyaların tətbiqi vasitəsilə geniş islahatlar aparılır. Qeyri-maddi mədəni irs sahəsinin mədəni-siyasi təminat mexanizmlərinin monitorinqinin nəticələri əsasında «Azərbaycan qeyri-maddi mədəni irs nümunələrinin Dövlət Reyestri» tərtib edilir və «Azərbaycan qeyri-maddi mədəni irs subyektlərinin portfolio bankı» hazırlanır. Dövlət tərəfindən bu sahədə aparılan məqsədyönlü fəaliyyət nəticəsində milli mədəniyyətimizin inciləri olan muğam, aşıq sənəti, Novruz bayramı, xalçaçılıq sənəti və tar ifaçılığı sənəti UNESCO-nun «Qeyri-maddi mədəni irs üzrə Reprezentativ siyahısı»na daxil edilib.


Tatarıstan nümayəndə heyətinin rəhbəri, Rusiya Federasiyası Tatarıstan Respublikası Ənənəvi Mədəniyyət Mərkəzinin direktoru Fanzilə Zavqarova bildirib ki, onların səfərinin məqsədi bütün dünyada böyük marağa səbəb olmuş qeyri-maddi mədəni irs sahəsində Azərbaycan modelinin öyrənilməsi, bu istiqamətdə mövcud təcrübənin bölüşdürülməsi, eyni zamanda bu sahə üzrə qarşılıqlı əməkdaşlığın inkişaf etdirilməsinə nail olmaqdır.


Qeyd edək ki, Tatarıstan nümayəndə heyəti Muzey Mərkəzində, Xalça Muzeyində, Beynəlxalq Muğam Mərkəzində, İçərişəhərdə, Qala Etnoqrafik Muzey Kompleksində olub, eyni zamanda İsmayıllı və Qəbələ rayonlarının mədəniyyət mərkəzlərində müxtəlif görüşlər keçirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR