“France Football”: FİFA 2022-ci il dünya çempionatının Qətərdə keçirilməsi qərarını rüşvət müqabilində qəbul edib

“France Football”: FİFA 2022-ci il dünya çempionatının Qətərdə keçirilməsi qərarını rüşvət müqabilində qəbul edib
# 31 yanvar 2013 07:29 (UTC +04:00)

Strasburq. Fuad Qulubəyli-APA. FİFA 2022-ci ildə futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsi haqqında qərarın böyük həcmdə rüşvət və razılaşma yolu ilə əldə olunduğu bildirilir. APA-nın Avropa bürosunun məlumatına görə, bu məsələdə Fransanın keçmiş prezidenti Nikola Sarkozi və UEFA-nın rəhbəri Mişel Platininin də adları hallanır.

Bu haqda dünən Fransanın nüfuzlu həftəlik idman jurnalı “France Football” yazıb. Jurnalın “Qatargate” adlı məqaləsində qeyd edilir ki, FİFA 2022-ci ildə futbol üzrə dünya çempionatının Qətərdə keçirilməsi haqqında qərarı 2 dekabr 2010-cu ildə səsvermə yolu ilə qəbul edib və bu zaman səsvermənin nəticələri saxtalaşdırılıb. Jurnalı səsvermədən əvvəl bu qərarla bağlı müəyyən razılığın əldə olunduğunu bildirir. Bununla bağlı FİFA ilə Qətər rəhbərliyi arasında razılaşmanın əldə edildiyi, səsvermədən 10 gün əvvəl Yelisey Sarayında bununla bağlı gizli görüşün keçirildiyi iddia edilir.

“France Football” dərgisi FİFA daxilində elektron yazışmaları da ələ keçirib və bu yazışmaların birində qurumun baş katibi Jerom Valke “Onlar bizdən 2022-ci il dünya çempionatının ev sahibliyini pulla satın aldılar” yazmaqla iddiaları etiraf etmiş olub. 2003-cü ildə FİFA Komitəsindən xaric edilmiş isveçrəli Gido Togoni qurumun 2010-cu ildə keçirilən səsvermənin Qətərin lehinə əvvəldən razılaşdırılması və bu işdən Beynəlxalq Futbol Federasiyasının bir çox əməkdaşının xəbəri olduğunu bildirib, bu barədə məlumatlara malik olduğunu deyib. Qətər rəhbərliyinin bu məsələdə öz maliyyə gücündən istifadə etdiyi vurğulanır. Qətər hökuməti bu “qələbəni” Asiya Futbol Federasiyasının sədri Məhəmməd Bin Hammam, Argentina Futbol Federasiyasının sədri və FİFA-nın vitse-prezidenti Xulio Qrondona və həmin dövrdə FİFA-da yüksək vəzifə tutmuş, Braziliya Futbol Federasiyasının keçmiş sədri Rikardo Texeyra kimi FİFA-ya yaxın olmuş nüfuzlu vəzifə sahiblərinin köməyi ilə qazanıb.

Əsas qalmaqal isə bu işdə Fransanın keçmiş prezidenti Nikola Sarkozi və UEFA rəhbəri Mişel Platininin adlarının hallanmasıdır. Dərginin yazdığına görə, FİFA-da keçirilmiş məlum səsvermədən bir neçə gün əvvəl, 2010-cu il noyabrın 23-də Parisdə Fransa prezidenti iqamətgahında sabiq prezident Nikola Sarkozi, Qətər şahzadəsi Tamin bin Hamad al-Tani, UEFA rəhbəri Mişel Platini və Fransadakı PSJ klubunun sahibi Sebastyan Bazen arasında gizli görüş keçirilib. Görüşdə Sarkoziyə PSJ klubunun Qətər əmirliyi tərəfindən satın alınması, Fransan “Beln sport” idman televiziya kanalları şəbəkəsinin Qətər şirkətinə verilməsi təklif edilib. Bu böyük həcmli sərmayənin əvəzində isə Qətər tərəfi FİFA-da keçiriləcək səsvermələrdə Mişel Platininin rəhbərlik etdiyi qurumun səsini əvvəlcədən nəzərdə tutduğu kimi Amerika Birləşmiş Ştatlarına deyil, Qətər Əmirliyinə verməsi haqda qarantiya alıb.

Bu qalmaqallı hadisədən sonra ABŞ-ın 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatına sahiblik etmək şansı artıb. Onlar bu məsələ ilə bağlı şikayət etmək niyyətindədirlər. Rüşvət iddiaları təsdiqlənsə, çempionat ABŞ-da keçirilə bilər.

FİFA isə öz növbəsində “Frans Press” vasitəsilə yaydığı açıqlamada ittihamları böhtan adlandırıb və hələlik bu haqda əlavə şərhlər vermək istəmədiyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR