“Boloniya prosesi çərçivəsində həyata keçirilən fəlsəfə doktoru proqramları”nın müzakirəsinə həsr edilmiş seminar keçirilir

“Boloniya prosesi çərçivəsində həyata keçirilən fəlsəfə doktoru proqramları”nın müzakirəsinə həsr edilmiş seminar keçirilir
# 21 fevral 2013 08:14 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Təhsil Nazirliyi və Bakı Dövlət Universitetinin birgə təşkilatçılığı ilə “Boloniya prosesi çərçivəsində həyata keçirilən fəlsəfə doktoru proqramları”nın müzakirəsinə həsr edilmiş seminar keçirilir. APA-nın xəbərinə görə, seminarın açılışında çıxış edən təhsil naziri Misir Mərdanov bildirib ki, iki gün davam edəcək seminarın əsas məqsədi Avropa Birliyinə üzv ölkələrdə və Azərbaycanda fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi sahəsində aparılan siyasəti, doktorluq proqramlarının konsepsiyasını və prosedurlarını Boloniya prosesinin tələbləri baxımından müzakirə etməkdir.

Nazir deyib ki, tədbirdə fəlsəfə doktoru proqramları üzrə təhsilin mövcud vəziyyəti, bu sahədə müxtəlif ölkələr tərəfindən qazanılan təcrübə və doktorantura təhsilinin təkmilləşdirilməsinə yönəlmiş tədbirlər də müzakirə olunacaq: "Təhsil Nazirliyi Avropa Birliyinin Tvining və TAİEX proqramlarında 2009-cu ildən iştirak edir. Bu günədək nazirlik tərəfindən Tvining və TAİEX proqramları üzrə 10-dan artıq layihə təqdim edilib. Nəticədə 2 Tvining və 4 TAİEX layihəsi qazanılıb".

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti Arif Həşimov bildirib ki, doktorantura təhsili alanların əksəriyyəti gənclərdir. Azərbaycanda bır sıra sahələr üzrə yüksək hazırlıqlı mütəxəssislərə böyük ehtiyacın olduğunu söyləyən AMEA-nın vitse-prezidenti qeyd edib ki, bu gün doktoranturada təhsil alan gənclər gələcəkdə ehtiyac duyulan sahələrin yüksək səviyyəli mütəxəssislərinə çevriləcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR