Milli Azərbaycan Tarixi Muzeyinin nəşrlərinin təqdimatı keçirilib

Milli Azərbaycan Tarixi Muzeyinin nəşrlərinin təqdimatı keçirilib
# 07 fevral 2013 10:15 (UTC +04:00)

Bakı. Ülkər Qasımova – APA. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyində 2010-2012-ci illərdə muzeyin nəşrlərinin təqdimatı keçirilib. APA-nın məlumatına görə, təqdimatdan əvvəl tədbir iştirakçıları muzeyin konfrans salonunda nəşrlərlə tanış olublar.

Muzeyin direktoru, AMEA-nın vitse-prezidenti, akademik Nailə Vəlixanlı nəşrlərin əhəmiyyətindən danışaraq bildirib ki, tədbirin əsas məqsədi ötən üç il ərzində muzey tərəfindən nəşr olunmuş kitabları geniş ictimaiyyətə təqdim etmək, muzeylərdə qorunan maddi-mədəniyyət nümunələri barədə elmi və elmi-populyar ədəbiyyatın nəşrinin vacibliyini vurğulamaqdır.

Təqdimata muzey tərəfindən 20-dən artıq kitab, kataloq, broşür və buklet daxil edilib. Muzeyin direktoru nəşr olunmuş bir sıra kitablar haqqında da geniş məlumat verib. Sonra “Milli Azərbaycan Tarixi Muzeyinin nəşrləri (2010-2012)” adlı slayd-film nümayiş etdirilib. Azərbaycan tarixinin aktual məsələlərinə, muzeydə qorunan eksponatlara həsr olunmuş nəşrlər sırasında “Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyasının inciləri” kataloq-albomu, “Hacı Zeynalabdin Tağıyev” albomu, “Azərbaycanın antropomorf terrakotları”, “Şirvanın bədii metalı”, “Mirzə Fətəli Axundzadə - 200”, “Xurşidbanu Natəvan – 180”, “Azərbaycanın müdafiə silahları” kataloqları, “H. Z. Tağıyevin qız məktəbi tarixindən”, “Azərbaycanın Paris Sülh Konfransındakı elçiləri”, “Azərbaycan xanlıqlarının bayraqları”, “Biz birlikdə qalib gəldik!”, “Azərbaycan xalqının mənəvi həyatı” kitabları, “Qarabağın tarixi-mədəni irsi”, “Qafqaz Albaniyasının epiqrafik abidələri”, “Azərbaycanın maddi və mənəvi mədəniyyətində zərdüştlük dövrünün kaşıları” adlı bukletlər, müxtəlif beynəlxalq konfransların tezis və məruzələri daxildir.

Tədbirin sonunda N. Vəlixanlı təqdim olunan kitabların bir qisminin təkcə Azərbaycan dilində deyil, rus və ingilis dillərində də çap olunduğunu, bu kitabların dünyanın məşhur kitabxanalarına göndəriləcəyini deyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR