Səməd Seyidov: “Ermənistanın siyasətində məqsəd real faktları və məsələləri gizlətməkdir”

Səməd Seyidov: “Ermənistanın siyasətində məqsəd real faktları və məsələləri gizlətməkdir”
# 03 mart 2012 11:40 (UTC +04:00)
Bakı. Ramil Məmmədli - APA. “Ermənistan tərəfi nəinki bu məsələyə qəribə münasibət göstərir, hətta öz imzaladığı məsələlərlə bağlı sözlərini inkar edir”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin Beynəlxalq əlaqələr və parlamentlərarası münasibətlər komitəsinin sədri Səməd Seyidov Ermənistanın Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Dağlıq Qarabağ üzrə Alt Komitənin işində iştirakdan imtina etməsinə münasibət bildirərkən deyib.

S.Seyidovun sözlərinə görə, Azərbaycan və Ermənistan prezidentlərinin Soçi görüşündə imzalanan sənəddə qeyd olunub ki, iki ölkə ictimaiyyətinin nümayəndələri müxtəlif səviyyələrdə görüşlər keçirsin: “Millət vəkilləri də xalqları təmsil edən şəxslərdir. Ermənistan prezidenti sənədi imzalayır, ancaq Ermənistan deputatları bu sənədin tələblərinə məhəl qoymadan AŞ PA-da Dağlıq Qarabağla bağlı yaradılmış alt komitənin iclaslarından qaçır. Bu addım Ermənistan tərəfindən dəfələrlə atılıb. Ermənistan tərəfi yaxşı bilir ki, gəlib həmin danışıqlara başlasalar, real faktlar ortaya çıxacaq. Ümumiyyətlə, Ermənistanın siyasətində məqsəd real faktları və məsələləri imkan daxilində gizlətməkdir. Amma artıq bunu gizlətmək mümkün deyil. Çünki Azərbaycan torpaqlarının işğalı dünya birliyi tərəfindən artıq tanınır, bilinir. Ona görə Ermənistan tərəfi daim çalışır ki, danışıqlardan qaçsın və beynəlxalq danışıq əsnasında öz mövqeyini ortalığa qoysun. Amma bu mümkün olmayacaq, çünki beynəlxalq qanunun tələbləri bir ölkə üçün nəzərdə tutulmayıb, bütün xalq və cəmiyyət üçündür. Azərbaycan isə bu cəmiyyətin ən hörmətli üzvlərindən biridir”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR