Azərbaycan və Litva arasında ticarət dövriyyəsi 5-10 dəfə arta bilər

Azərbaycan və Litva arasında ticarət dövriyyəsi 5-10 dəfə arta bilər
# 02 aprel 2012 15:04 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. Litva həmişə Azərbaycanı beynəlxalq məsələlərdə dəstəkləyib, o cümlədən BMT Təhlükəsizlik Şurasının üzvü seçilərkən Azərbaycanı ilk növbədə dəstəkləyən ölkələrdən biri olub. “APA Economics”in xəbərinə görə, bu barədə Azərbaycan-Litva Hökumətlərarası Komissiyasının iclasında komissiyanın Azərbaycan tərəfdən həmsədri, vergilər naziri Fazil Məmmədov bildirib.

Onun sözlərinə görə, Litva Dağlıq Qarabağ münaqişəsində də həmişə Azərbaycanın ədalətli mövqeyini və ərazi bütövlüyünü dəstəkləyib, o cümlədən erməni qoşunlarının işğal olmuş ərazilərdən çıxarılması ilə bağlı BMT-nin 4 qətnaməsinin yerinə yetirilməsinin tərəfdarıdır.

Litvalı nazir də iki ölkə arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu bildirərək deyib ki, bu vəziyyət iqtisadi əməkdaşlığı genişləndirmək üçün baza rolunu oynaya bilər. Onun sözlərinə görə, Litva müxtəlif sahələrdə Azərbaycanın dövlət qurumları ilə mühüm layihələr reallaşdırıb. Amma iki ölkə arasında ticarət dövriyyəsinin səviyyəsi siyasi münasibətlərin səviyyəsinə uyğun gəlmir: «İndi ticarət dövriyyəsini göstərən rəqəmlər doğrudan da ölkələr arasında siyasi mühitə uyğun gəlmir, bu rəqəmlər çox kiçikdir». Litvalı nazir bildirib ki, əməkdaşlığı lazımi səviyyəyə çatdırmaqla iki ölkə arasında ticarət dövriyyəsinin həcmini 5-10 dəfə artırmaq mümkündür. Onun sözlərinə görə, bu sahədə xüsusilə energetika sahəsində böyük potensial var. Belə ki, Litva 2014-cü ildə Klaypeda limanında işə düşəcək sıxılmış qaz terminalı üçün Azərbaycandan qaz almağa maraq göstərir: «Əlbəttə ki, belə vəziyyətdə kiminlə əməkdaşlıq etmək, terminala lazım olan qazın hansı ölkədən alınması müzakirə olunan məsələlərdəndir. Hazırda terminal nümayəndələri bu məsələni ARDNŞ rəhbərliyi ilə müzakirə edirlər».

Bundan başqa, Azərbaycan gənclərinin Litvanın ali məktəblərində təhsil alması da iki ölkə arasında iqtisadi əlaqələrlə yanaşı, humanitar sahədə də münasibətləri dərinləşdirəcək.

Bakıda olduğu müddətdə Azərbaycanın prezidenti və baş naziri, eləcə də xarici işlər naziri ilə görüşdüyünü deyən Litvanın xarici işlər naziri bildirib ki, Hökumətlərarası Komissiyanın iclasının yekunlarına həsr olunmuş protokol gələcək əməkdaşlıq üçün yaxşı baza olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR