Azərbaycanın İKT şirkətləri Portuqaliya vasitəsilə Avropa və Afrika bazarlarına çıxış əldə edəcək

Azərbaycanın İKT şirkətləri Portuqaliya vasitəsilə Avropa və Afrika bazarlarına çıxış əldə edəcək
# 28 iyun 2012 12:58 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Portuqaliyanın dövlət və xarici işlər naziri Paulo Portaş Azərbaycana rəsmi səfəri çərçivəsində rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovla görüşüb.
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, görüşdə son illər Portuqaliya ilə Azərbaycan arasında münasibətlərin daha da inkişaf etdiyi və bu inkişafda İKT-nin mühüm rol oynadığı vurğulanıb, iki ölkə arasında əməkdaşlığın genişləndirilməsi və güclü tərəfdaşlıq əlaqələrinin yaradılması üçün böyük potensial olduğu qeyd edilib.
Görüş zamanı Ə.Abbasov Azərbaycanda həyata keçirilən geniş islahatlar və İKT sahəsində əldə olunan nailiyyətlər barədə məlumat verib.
Öz növbəsində P.Portaş İKT sahəsində əməkdaşlığın iki ölkə arasında münasibətlərin daha da genişlənməsinə müsbət təsir edəcəyini qeyd edib və bildirib ki, səmərəli əməkdaşlıq çərçivəsində Azərbaycanın İKT şirkətlərinin Portuqaliya vasitəsilə Avropa, Afrika və Braziliya kimi böyük bazarlara, Portuqaliyanın isə Azərbaycan vasitəsilə MDB və Yaxın Şərq bazarlarına çıxış əldə etmək imkanı mövcuddur.
Hazırda Azərbaycanın İKT şirkətlərinin xarici bazarlara çıxması və investisiya qoyması istiqamətində kompleks işlərin görüldüyünü vurğulayan nazir Ə.Abbasov şirkətlərin Portuqaliya bazarlarında da iştirak etmək niyyətində olduğunu bildirib.
Nazir ölkədə həyata keçirilən «Elektron hökumət» layihəsi çərçivəsində görülən işlər haqda geniş məlumat verərək, bu istiqamətdə həyata keçirilən işlərin davamı kimi Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin nəzdində Elektron Hökumət Agentliyinin yaradıldığını və elektron xidmətlərin sayının artırılması məqsədilə xarici şirkətlərlə yeni müqavilələrin bağlanması istiqamətində məqsədyönlü işlərin görüldüyünü qeyd edib.
Görüşdə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və gələcək perspektivlər barədə fikir mübadiləsi aparılıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR